Akademik Ramiz Mehdiyevin kitabının təqdimatı keçirilib





Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" (rus dilində) kitabının müzakirəsi və təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimat mərasimində Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov kitab haqqında məlumat verərək bildirib ki, topluda Azərbaycanın Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılır. Y. Mahmudov qeyd edib ki, kitab tarixşünaslığımızın böyük qələbəsidir: "Bu kitab Minsk qrupunun təmsilçisi olan ölkənin paytaxtında nəşr olunub. Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixşünaslığının böyük qələbəsidir. Əsərin ən böyük məziyyətlərindən biri bizim tarix elmimizin bütün istiqamətlərdə uğurlarının böyük cəsarət və elmi dəlillərlə müdafiə olunmasıdır".

Y. Mahmudov əlavə edib ki, "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabı ilə akademik R. Mehdiyev həm də dövlətin sözünü deyib: "Biz təklif edəcəyik, kitab digər dillərə də tərcümə olunsun ki, dünya elmi ictimaiyyəti Azərbaycanın tarixi həqiqətləri ilə bir daha tanış olsunlar. Çünki kitabda o da sübuta yetirilir ki, ermənilər köçüb gəlmə xalqdır".

Tədbirdə çıxış edən tarixçi alimlər Tofiq Nəcəfli, Cəbi Bəhramov və başqaları kitabı Azərbaycan tarixşünaslığının son illərdəki böyük nailiyyəti kimi dəyərləndiriblər.
Qeyd edək ki, kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərinə həsr olunub.

Kitabda Dağlıq Qarabağ münaqişəsinin yaranması səbəbləri, habelə bu bölgənin tarixən mövcud olan Azərbaycan dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif tarixi mənbələr yer alıb.