Tikinti sahəsində neqativ hallar aradan qaldırılacaq

Təklif olunan dəyişiklik həm də şəffaflığa xidmət edir
Ən əsası, aparılan tikintilərin Bakının Baş Planına uyğunluğu nəzərə alınacaq, tikinti normativlərinin pozulması halları aradan qalxacaq


Tikinti sahəsində mövcud qaydalara dəyişiklik ediləcəyi gözlənilir. Tikinti və Şəhərsalma Məcəlləsinə təklif edilən dəyişiklik bundan ibarətdir ki, tikinti şirkətləri dövlət qurumları tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, habelə tikinti fəaliyyəti sahəsində göstərilən digər xidmətlərə görə haqq ödəməli olacaqlar.

Bu barədə ONA Xəbər Agentliyi məlumat verib. Məlumatda bildirilir ki, sözügedən Məcəlləyə dəyişiklik Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Qeyd edilir ki, hazırda Tikinti və Şəhərsalma Məcəlləsində yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün ödənişlər nəzərdə tutulub.

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, tikinti sahəsində hansı müsbət dəyişikliklərlə nəticələnə bilər?

Tikinti və Şəhərsalma Məcəlləsinə təklif edilən dəyişiklik barədə "Şərq”ə danışan Bələdiyyələrin Fəaliyyətinin Təbliği Birliyinin sədri Vüqar Tofiqli bildirdi ki, dəyişiklik tikinti sahəsində yaşanan bəzi neqativ halların aradan qaldırılmasına kömək edə bilər:

- Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanması çox müsbət haldır. Çünki şəhərdə aparılan tikintilər zamanı şəhərsalma qaydalarının kobud şəkildə pozulduğuna da şahid oluruq. Əgər Tikinti Məcəlləsinə dəyişiklik qəbul olunarsa, mənzil-tikinti kooperativlərinin təqdim etdiyi layihələrə daha da ciddi yanaşılacaq, şəhərsalma qaydalarının pozulması hallarının qarşısı alına biləcək. Təklif olunan dəyişiklik həm də şəffaflığa xidmət edir. 

Məlumdur ki, bir sıra hallarda MTK-lar layihələrin təsdiqi üçün müxtəlif üsullara əl atırdılar. Layihələrin təsdiqi süni şəkildə yubadılırdı. Şəhərsalma sənədlərinə uyğunluğun yoxlanılması məqsədilə təyin olunacaq rüsumlar büdcə vəsaitlərinin cəmlənməsi və optimallaşdırılması baxımından müsbət olacaq. 

Ən əsası, aparılan tikintilərin Bakının Baş Planına uyğunluğu nəzərə alınacaq, tikinti normativlərinin pozulması halları aradan qalxacaq. Məsələn, MTK-lar stadionları zəbt edib, yerində bina tikə bilməyəcək. Ümumiyyətlə, şəhərdə aparılan tikintilərə ciddi nəzarət edilməlidir ki, sonradan problemlər ortaya çıxıb, nə vətəndaşların narahatlığına səbəb olsun, nə də sahibkarlar çətin vəziyyətə düşsün.

Məlahət Rzayeva