Müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər
Paşinyan əndazəni aşdı, Tehran göz yumdu
İranda baş verən siyasi tərbiyəsizliyə qarşı mövqeyimizi ortaya qoymalıyıq
Müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər
Müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər
Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər edib. Paşinyan səfər əsnasında Prezident Həsən Ruhani və ali rəhbər Ayətullah Xamenei ilə görüşüb. Ermənistanın baş naziri bildirib ki, İranla dostluq və tərəfdaşlıq İrəvanın xarici siyasətinin mühüm bir hissəsidir. Paşinyan mehriban qonşuluq münasibətlərinin inkişafına bundan sonra da sadiq qalacağını söyləyib: "Əməkdaşlığımızda hələ də istifadə edilməmiş potensial var və bu, xüsusilə ticarət-iqtisadiyyat sferasında qeydə alınır. Əminəm ki, fərqli səviyyələrdə kontaktlar və dialoq bu potensialın tam reallaşdırılmasına yönələn addımların aydınlaşdırılmasına imkan yaradır”.
Baş nazir İranla Ermənistan arasında əməkdaşlığın potensialından maksimal şəkildə istifadə ediləcəyini deyib. O, Avrasiya İttifaqı ilə İran arasında azad ticarət haqqında razılaşmanın ticari-iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaratdığını da bildirib. Paşinyanın İrana səfər etməsində əsas məqsəd bəllidir. Baş nazir kasıb ölkəni dirçəltmək və bərbad hala düşmüş iqtisadi vəziyyəti bir qədər düzəltmək üçün Tehranın yolunu tutub. Lakin Paşinyanın Tehranın "Ararat” klubunda erməni icması ilə görüşü zamanı ermənilər növbəti təxribata əl atıblar. Baş nazirlə görüşə gələn ermənilər əllərində "Qarabağ Ermənistanındır və Son” yazılmış plakat tutublar. Həmçinin, bir qrup erməni qondarma rejimin "bayrağını” da nümayiş etdiriblər. Ekspertlərə görə, Paşinyanın İrana səfəri zamanı rəsmi tədbirdə separatçı Qarabağ rejiminin bayrağının qaldırılması və üzərində "Qarabağ Ermənistanındır və Son” şüarının yazılması ciddi beynəlxalq qalmaqaldır.
O səbəbdən Azərbaycan dərhal İrana rəsmi nota verməli və bu təxribatın birbaşa iştirakçıları ifşa edilməlidir. Məsələyə feysbuk sosial şəbəkəsində münasibət bildirən millət vəkili Fazil Mustafa deyib ki, Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidir: "Həmin plakatda "Qarabağ Ermənistanındır!” yazılması heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib. Bununla İran, Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur. Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək. Ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər. Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq. Özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik. Lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”.
Səfər barədə "Şərq”ə açıqlama verən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, İran və Ermənistanın birgə həyata keçirmək istədikləri layihələr kifayət qədərdir. Lakin bu layihələrin reallaşması üçün nə İranın, nə də İrəvanın maliyyə imkanları var:
"Əgər deyilənlər düz olsa və İran Avrasiya İttifaqına qoşulsa, o zaman Ermənistan vasitəsi ilə İran Belarusiya və İran-Qazaxıstan iqtisadi əlaqələrində bir qədər inkişaf hiss olunacaq. Yeri gəlmişkən, Paşinyanın ermənilərlə görüşündə qondarma Qarabağ respublikasının bayrağı da var idi. Divarda "Qarabağ erməni torpağıdır” sözləri yazılmışdı. Hər halda İran kimi dövlət buna yol verməməli idi. Hər iki ölkə arasında nələrin baş verməsindən asılı olmayaraq, bizim bilməli olduğumuz bir əsas məqam var. Geosiyasət heç vaxt dəyişmir. İstəsək belə bir sıra xüsusiyyətləri dəyişə bilmərik. Azərbaycan-İsrail münasibətlərini daha da inkişaf etdirmək lazımdır. Hər ölkə öz davranışı ilə bizə olan münasibətini göstərir”.
Politoloq Elxan Şahinoğlu da "Şərq”ə açıqlamasında bildirib ki, İran Prezidenti Həsən Ruhani Paşinyanla görüşündə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. Ancaq bunu illərdir deyirlər, ortada isə nəticə yoxdur:
"Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar xoş arzulardır. Əslində Ermənistanın pulu, sanksiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o, Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Bu, gözlənilən idi. İkincisi, Tehranda mövcud olan "Ararat” idman-sağlamlıq mərkəzində "Dağlıq Qarabağ Respublikasının bayrağı" altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə bir araya gəlib, sevincək halda selfi çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, "işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” və s”.
İsmayıl