“Milli-mənəvi dəyərlərimizin əsas təəssübkeşçisi Prezidentin özüdür”





"Prezidentin bir qrup mədəniyyət və incəsənət adamları ilə bir araya gəlməsi mədəniyyət tariximizdə çox önəmli və yaddalan bir görüş idi”.

Bunu "Sherg.az”a açıqlamasında şərqşünas-alim Seyid Camal Əzimbəyli deyib.

Ekspert bildirib ki, dövlət başçısının sözügedən tədbirdə verdiyi mesajlar açıq şəkildə göstərdi ki, milli-mənəvi dəyərlərimizin əsas təəssübkeşçisi Prezidentin özüdür: 

"Dövlət başçısının çıxışı bunun əyani sübutu və təzahürü idi. Milli kimliyin qorunması və milli mənafelərin müdafiə olunması Azərbaycan dövlətinin və dövlətçiliyinin bütövlüyünün ən vacib şərtlərindən biridir. Mənəvi dəyərlərimizin qorunmaması bizim milli təhlükəsizliyimiz üçün təhlükə mənbəyidir. 

O baxımdan dövlət başçısının bu məqamı gündəmə gətirməsi, xüsusi olaraq vurğulaması, o cümlədən ardıcıl şəkildə milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində atdığı addımlar təqdir olunmalı və alqışlanmalıdır”.

Şərqşünasın sözlərinə görə, bir il bundan öncə Prezident tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində Mənəvi Dəyərlər Fondunun yaradılması da dövlət başçısının milli dəyərlərə verdiyi ən önəmli töhfədir: "Mənəvi dəyərlərin və milli kimliyin Prezident tərəfindən şəxsən mühafizə olunması, gündəmə daşınması Azərbaycanın milli maraqlarına ən böyük xidmətdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün bir qrup mədəniyyət və incəsənət nümayəndələri ilə görüşündə bildirib ki, gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır: "Mən düz bir ay bundan əvvəl gənclərlə görüşdə dedim ki, bizim gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır. Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır, ana dilimizdir, milli təfəkkürümüzdür”.

İsmayıl