"Hər birimiz arzu edirik ki, Azərbaycanın gözəl səhiyyə sistemi olsun" - HƏKİM





Bu günlərdə Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşü keçirildi. Görüş zamanı ölkə başçısı bir sıra məsələlərə toxunub. Həmin məsələlərdən biri də ölkəmizdə səhiyyə sisteminin inkişafı ilə bağlı idi.

Prezident səhiyyə sahəsində çox ciddi islahatlar aparıldığını bildirib: 

"Hər bir vətəndaş səhiyyə sistemində həyata keçirilən islahatların faydasını görəcək. Ümid edirəm ki, biz gələn ildən icbari tibbi sığorta sisteminə keçəcəyik. Bir neçə şəhərdə pilot layihələri icra etdik və bu layihələr çox müsbət nəticə verir. Həm vətəndaşlar razıdırlar, həm də tibbi xidmət yüksək səviyyədə göstərilir”.


Prezidentin çıxışı ilə bağlı "Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi üçün lazımi səylər olmalıdır: 

"Hər birimiz arzu edirik ki, Azərbaycanın gözəl səhiyyə sistemi olsun. Artıq neçə illərdir ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı söhbətlər gedir. Lakin tibbi sığortaya ayrılan vəsait yetərincə deyil. Bu vəsaitlə effektiv sığorta sistemini tətbiq etmək elə də asan olmayacaq.

Digər tərəfdən isə bu işə cəlb olunan adamların heç biri demək olar ki, mütəxəsis deyil. Onlar Səhiyyə Nazirliyinin sturukturundan kənarda formalaşıblar. Çünki onların verdiyi açıqlamalardan bunu görmək mümkündür. 

Yəni, deyirlər ki, icbari tibbi sığorta sistemində kim daha çox xəstəyə baxsa, o çox maaş alacaq. Belə bir amil ola bilməz. Çünki sığorta sistemi həkim seçimi deyil, bu sistemdən vətəndaşlar fayda görməlidir. Əgər yenə də həkim seçimi olacaqsa, qəbul məntəqəsində müxtəlif neqativ hallar baş alıb gedəcək”.

Professorun sözlərinə görə, icbari tibbi sığorta sisteminə keçməzdən qabaq ilk növbədə bu sahədə çalışan həkimlərin dəqiq maaşını təmin etmək lazımdır:

 "Maaş isə bugünkü bazar iqtisadiyyatına adekvat rəqəm olmalıdır. Bunları yerinə yetirmədən tibbi sığortaya keçmək olmaz. Bu işlər mərhələli şəkildə olmalıdır. Ən azından Türkiyə kimi regionda söz sahibi olan ölkə icbari tibbi sığortaya hissə-hissə gəlib çıxıb. Hesab edirəm ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə ilk növbədə mütəxəssislər cəlb olunmalıdır”.

Yeganə Bayramova