Bu küçə Akif Səmədin adını daşıyacaq - Nəvai Mətin buna necə nail olub ?






Artıq Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış massivindəki küçələrdən biri Azərbaycan Yazıçılar Birliyinin üzvü, görkəmli şair Akif Səmədin adını daşıyacaq.

Bu barədə "Sherg.az”a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, tanınmış rəssam Nəvai Mətin bildirib.

Rəssam qeyd edib ki, bu ideya 4-5 ildir ki, gündəmə gəlib:

"Məlum fikrin gerçəkləşməməsi məni çox narahat edirdi. Hətta məsələni Türkiyədə də qaldırmışdım. Söz vermişdilər, lakin Türkiyədə baş verən 15 iyul hadisələrinə görə, proses ləngidi və baş tutmadı.A.Səmədin adını daşıyan küçə başdan- ayağa beş mərtəbəli binalardan ibarətdir. 

Təklifi mən irəli sürsəm də, bu işə dostlarımın köməyi ilə nail oldum.

Təşəbbüsün həyata keçirilməsi prosesində ciddi əngəllər olmadı, normal qarşılandı. Bəzi mərhələlərdə kiçik problemlər olsa da, nəticə ürəkaçan oldu. Bu işin reallaşmasından sonra bir çoxları mənə təşəkkür ifadə etdilər. Amma mən onlara bildirdim ki, bunu "sağ ol” üçün etməmişəm”.

Bu məsələ ilə bağlı A.Səmədin ailəsinə məlumat verdiyini söyləyən rəssam onu da diqqətə çatdırıb ki, qərarın qəbulundan sonra şairin ailə üzvləri ilə hələ görüşməyib:

"O, mənim üçün sadəcə Akif Səməddir. Kiminsə atası, oğlu, qardaşı və s. deyil. Mən bunu təşəkkür üçün etmirəm. Dostum olub, mən də öz dostuma sədaqətimi bu cür xidmətimlə ifadə edirəm”.

Sevda Ulutau