Elçin Əlibəyli “İran SUS!” aksiyasından DANIŞDI: “Gücüm buna çatırdı... ”





Məlum olduğu kimi "Space” kanalının tanınmış teleaparıcısı Elçin Əlibəyli martın 3-də, bazar günü İran səfirliyinin qarşısında oğlu ilə aksiya keçirib. Teleaparıcı aksiyanı oğlu ilə birgə təşkil edib. Səfirliyin qarşısında ağzını "İran SUS!” lenti ilə bağlayan teleaparıcı və oğlu aksiyanı təxminən 10 dəqiqə davam etdirib. Daha sonra aksiyanı sosial şəbəkədə canlı yayımlayıb. Lakin aparıcının istirahət günü aksiya keçirməsinə sosial şəbəkə istifadəçiləri birmənalı yanaşmayıb. Bəzi şəxslər teleaparıcının askiya məqsədi ilə səfirliyin işləmədiyi bazar gününü seçməsini anlaya bilmədiklərini deyiblər.

Aksiya ilə bağlı "Sherg.az"a danışan tanınmış televizyonçu Elçin Əlibəyli deyib ki, onun etiraz aksiyası İranla bağlı bir neçə məsələyə narazılıq bildirmək üçün edilib:

"İlk olaraq, İran prezidenti Həsən Ruhani Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etdi. Daha sonra Nikol Paşinyanın İrana səfəri zamanı Tehran rejimi separatçıların qondarma "respublikanın bayrağını” qaldırmasına və "Qarabağ Ermənistanındır, vəssalam” şüarını səsləndirməsinə şərait yaratdı. İran İslam Ölkələri Konfransının üzvü kimi dəfələrlə Ermənistanı işğalçı ölkə kimi tanıdığını bəyan edib və sənədə qol çəkib. Amma bütün bunlara baxmayaraq, 26 fevral günü Ermənistanın baş naziri İrana dəvət olunur və bu cür hallara şərait yaradılır. Hesab edirəm ki, İran özgə vaxtı dünyada islamın qarantı kimi çıxış edirsə, belə hadisələrlə missiyasına zərbə vurur. Ona görə də İranın susması daha yaxşı olardı. Mən də məhz bunlara etiraz edirdim”.

E.Əlibəyli bu formada etiraz aksiyası seçməsinə və sosial şəbəkədə aksiyanın birmənalı qarşılanmamasına bu cür münasibət bildirib:

"Gücüm buna çatırdı, ona görə də o şəkildə etdim. Hər kəsin öz fikri var. Mən öz işim gördüm. Kimsə tənqid etmək istəyirsə, özü bilər”.

Teleaparıcı aksiyanı övladı ilə təşkil etməsini bu şəkildə şərh edib:

"Qoy övladım erkən yaşda anlasın ki, bütöv Azərbaycanı ideallaşdırmaq, bu ideyanı gündəmdə saxlamaq lazımdır.

Əgər biz bacarmasaq, heç olmasa bizdən sonrakı nəsil bunu reallaşdıra bilsin. Uşaqlarımız da bilsinlər ki, Güney Azərbaycanda milyonlarla soydaşımız yaşayır. Lakin İran dövləti Güney Azərbaycan torpaqlarını tutmaqla bərabər hələ Azərbaycanın şimalına da göz dikir.

Üstəlik, ermənilərə fitva və dəstək verir. Bütün bunları övladıma aşılamaq üçün onun da aksiyada iştirak etməsini lazım bildim və məqsədli şəkildə bazar gününü seçdim. Çünki başqa günləri oğlum dərsdə olur”.

İsmayıl