“Bank sektorunda müəyyən irəliləmələr müşahidə olunur” – İnam artır

Azərbaycanın maliyyə sisteminin aktivlərinin 66 faizi banklarda cəmləşib. 2018-ci ilin yekununda Azərbaycanın maliyyə sisteminin aktivləri 44,9 milyard manat təşkil edib. Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabat sənədinə əsasən, maliyyə sisteminin aktivlərinin 65,8%-i banklarda, 30,9%-i bank olmayan kredit təşkilatlarında (BOKT - bura kredit ittifaqları da daxildir), 2,8%-i sığorta şirkətlərində, 0,5%-i isə investisiya şirkətlərində cəmləşib.
Məsələyə münasibət bildirən iqtisadçı- ekspert Rəşad Həsənov "Sherg.az”a bildirib ki, ölkədə aktivlərin böyük hissəsinin banklarda cəmlənməsi bank sistemində olan canlanmadan xəbər verir:
"Aktivlərin əhəmiyyəti hissəsinin banklarda yerləşməsi məlum məsələdir. Çünki bu sahədə alternativ mexanizmlər yoxdur. Ona görə də, aktivlər əsasən banklarda yerləşdirilir. Eyni zamanda müəyyən qədər xarici ticarətin iştirakçısı olmuş, ümumiyyətlə, iqtisadiyyatın bir parçasına çevrilmiş hüquqi şəxslərin öz aktivlərini banklarda yerləşdirməsi qanunvericiliyin tələblərindən biridir. Artıq bankalara olan inam müqabilində fiziki şəxslər əmanət və depozitlərini bankalara qoyur.
 Hazırda Azərbaycanın bank sektoru 1990-cı illərdəki vəziyyətdə deyil. İndi bu sahə müəyyən qədər güvən əldə edib. Eyni zamanda 2015-ci ildən sonra Azərbaycanda əhalinin bank sektoruna etimadı əhəmiyyətli səviyyədə zəiflədi. Həmin dövrdə bir sıra banklar bağlandı, bu sahədə bir çox nöqsanlar ortaya çıxdı. Bütün bu neqativ hallar insanların banklara olan etimadını azaltdı. Amma hazırda bazar iqtisadiyyatı, alternativ mexanizmlərin olmadığı, qiymətli kağızlər bazarının zəif inkişaf etdiyi bir dövrdə Azərbaycanda aktivlərin yerləşdiriləcəyi əsas yerlərdən biri banklardır. 
Ölkənin bank sektoru SSRİ-nin dağıldığı dövrlə müqayisədə xeyli irəlidədir. Amma bir ölkə kimi bu sahədəki mövcud imkanlardan tam da yararlanmamışıq. Bugünkü gündə bank sektorunda liberallaşma tam olmayıb. Ötən illərdə sektorda tənzimlənmə düzgün həyata keçirilmədiyi üçün 2015-ci ildə banklar ziyan görüb və onun təsirləri hələ də qalmaqdadır. Ancaq bütün bu neqativ amillərə baxmayaraq bank sektorunda müəyyən irəliləmələr müşahidə olunur”.
Kənan Eynuroğlu