“Ermənistanın destruktiv davranışları müharibəni qaçılmaz edir”

“Güc yolu bizim üçün hər zaman önəmli, alternativ yol kimi qalacaq”


"Qarabağ probleminin bu günə qədər uzanmasının ən böyük günahkarı beynəlxalq güclər və rəhbərlik etdikləri təşkilatlardır”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.

Analitik bildirib ki, beynəlxalq təşkilat başçılarını maraqlandıran Qarabağ probleminin həlli deyil, aldıqları maaşın məbləğidir. Məhz bu səbəbə görə də problemin uzanmasında maraqlıdırlar:

"İşğalçı Ermənistana problemin həlli ilə bağlı təzyiq etmək heç vaxt onların müzakirə mövzusu olmayıb. Cənab Prezident haqlı olaraq ATƏT-in fəaliyyətindən narazı olduğunu vurğuladı.

Həmçinin, bəyan etdi ki, düşmən ölkənin kompromisə getməyəcəyi təqdirdə baş verəcək hadisələrdən İrəvan hökuməti məsuliyyət daşıyacaq. Bunlar ciddi mesajlardı”.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququ var: "Beynəlxalq aləmin və məsələnin həllinə çalışan təşkilatların fəaliyyəti, eyni zamanda düşmən ölkənin danışıqlardan yayınmağa çalışması, kompromisə getməməsi və destruktiv davranışları müharibə yolunu qaçılmaz edir. Güc yolu bizim üçün hər zaman önəmli, alternativ yol kimi qalacaq. Görüş zamanı verilən mesajlar bunu dünya ictimaiyyətinə bir daha xatırlatdı”.

Qeyd edək ki, ötən günən Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakı qəbul edib. Dövlət başçısı münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini vurğulayıb.

İsmayıl