"Əhalinin sağlamlığı hər zaman Prezidentin diqqət mərkəzində olub”



"Əhalinin sağlamlığı hər zaman cənab Prezidentin diqqət mərkəzində olub”.

Bu sözləri "Sherg.az”a açıqlamasında Parlamentin Səhiyyə Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Deputatın sözlərinə görə, ölkə başçısının rəhbərliyi dövründə 700-dən çox səhiyyə müəssisəsi tikilib və əsaslı şəkildə təmir olunub:

"Prezidentin göstərişi ilə vətəndaşların icbari tibbi sığortası həyata keçirilir. Təxminən 5 milyona yaxın əhali dövlət vəsaiti hesabına müayinələrdən keçirlər. İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycanda həm səhiyyənin maliyyələşmə modeli dəyişib, həm də keyfiyyət yaxşılaşıb. Artıq ölkəmizdə tibbi sığorta pilot şəklində tətbiq olunub. 

Mingəçevir və Yevlaxda layihə uğurla yerinə yetirilib. Ümid edirik ki, gələn ildən etibarən sığorta bütün ölkə ərazisində tətbiq olunacaq. Bunun üçün hüquqi baza yaranıb. Keçən il "Tibbi sığorta haqqında” qanuna 100-dən çox dəyişiklik olundu. Artıq sığortanın tətbiqi ilə əlaqədar səhiyyə müəssisələri layihəyə cəlb olunacaq. Səhiyyə müəssisələrinin attestasiyası keçiriləcək, uyğunlaşma aparılacaq və gələn ildən hansı səhiyyə müəssisələri uyğundursa, orda layihə həyata keçiriləcək. Sığorta haqları da müəyyənləşib. Ödənişin bir hissəsi dövlət, bir hissəsi vətəndaş, bir hissəsi isə işə götürənlər tərəfindən ödəniləcək”.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev mədəniyyət işçiləri ilə görüşü zamanı ölkəmizdə səhiyyə sahəsində çox ciddi islahatlar aparıldığını bildirib. Prezident hər bir vətəndaşın səhiyyə sistemində həyata keçirilən islahatların faydasını görəcəyini deyib.

Yeganə Bayramova