“Ermənistan danışıqlar prosesini dalana dirəyən bəyanatlar yayır”





"Ermənistan dövləti danışıqlar prosesindən maksimum şəkildə yayınmağa çalışır”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Siyasi şərhçinin sözlərinə görə, düşmən ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyan bildirib ki, onun Dağlıq Qarabağdakı ermənilərin adından danışmağa mandatı yoxdur. Bu açıqlama rəsmən Azərbaycanı müharibəyə başlamağa çağırır:

"Necə yəni, mandatı yoxdur? Axı o mandatı ATƏM 1992-ci ildə Ermənistana verib və tapşırıb ki, münaqişənin həlli prosesində tərəf kimi iştirak etsin. Yoxsa Mnatsakanyan Dağlıq Qarabağda keçirilən və nəticəsi heç bir dövlət tərəfindən tanınmayan "seçki”yə əsaslanır? Mövcud formata əsasən, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması danışıqlar prosesində yalnız maraqlı tərəf kimi çıxış edə bilərlər.

Danışıqların birbaşa tərəfi isə Ermənistanla Azərbaycandır. İndiki məqamda maraqlı tərəf kimi hər iki icmanın proseslərə cəlb olunması effektiv olar. Lakin təəəssüflər olsun ki, qondarma rejimin rəhbərliyi hər vəchlə buna mane olmağa çalışır”.

Ekspert bildirib ki, Mnatsakanyan bu mövqeyi ilə rəhbəri Paşinyanın dediklərini təkrarlamış olur:

"Bu da o anlama gəlir ki, Ermənistandakı hazırkı iqtidar münaqişəni sülh yolu ilə həll etmək marağında deyil. Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ilə görüşdə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyini diqqətə çatdırdı.

Ölkə başçısı haqlı olaraq öz narahatlığını ifadə etdi ki, Ermənistana Azərbaycan torpaqlarını işğal altında saxladığına görə beynəlxalq təzyiqlər tətbiq olunmur. Elə bu rahatlığın nəticəsidir ki, rəsmi İrəvan tez-tez danışıqlar prosesini dalana dirəyən bəyanatlar yayır. Əgər bir dəfə böyük güclər tərəfindən Ermənistana "bu işğala son qoymağın vaxtıdır, əks halda sənə qarşı sanksiyalar tətbiq oluna bilər” xəbərdarlığını edilərsə, hazırkı üzücü mənzərənin şahidi olmarıq”.

C.Əhmədlinin firkincə, Ermənistan rəhbərliyinin nə deməsindən asılı olmayaraq, dəyişməyən bir reallıq var:

"Azərbaycan xalqı nəyin bahasına olursa-olsun, öz torpaqlarını işğaldan azad edəcək. Bu gün ölkəmizin bütün istiqamətlər üzrə inkişafı və xalqımızın sonsuz vətənpərvərlik hissi bunu deməyə əsas verir”.

İsmayıl