Günü-gündən mövqeləri sərtləşir

Ermənilər torpaqları azad etmək niyyətində deyillər



"Beynəlxalq ictimaiyyətə Ermənistanın Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəmədiyini sübut etmək lazımdır”.

Bunu "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbəri istədiyi kimi özlərini demokratik dövlət adlandıra bilərlər:

"Amma onların əsas təfəkkürü, ideologiyası Azərbaycanın torpaqlarının işğalından ibarətdir. Bu baxımdan Nikol Paşinyanın baş nazir olduqda Ermənistanın yeritdiyi siyasətin dəyişməsi ilə bağlı gözləntinin olacağını demək çətin idi. Ermənistanın siyasətinin dəyişəcəyinə inanmırdım. Çünki ondan qabaq olmuş baş verən işğallar, soyqırımılar demokratik adlandırılan Levon Ter-Petrosiyan vaxtında baş verib. Ermənistanın günü-gündən sərtləşən mövqeyini hazırda N.Paşinyan da davam etdirir. 

Ermənistanın baş naziri Azərbaycanla danışıqların formatını dəyişmək istəyir. N.Paşinyan bəyanat verir ki, işğal olunmuş torpaqları sülhə dəyişmək mümkün deyil. Ümumiyyətlə, onlar torpaqları azad etmək niyyətində deyillər. 

Hesab edirəm ki, bu cür bəyanatların mənbəyi daxili siyasi vəziyyət və orada gedən rəqabətdir. Bu rəqabət nəticəsində onlar günü-gündən sərt mövqelər bəyan edirlər. Bu yolla da Ermənistan ictimaiyyətinin dəstəyini geri qazanmaq istəyirlər. Elə bu baxımdan Azərbaycan tərəfi danışıqlar prosesindən heç bir dəyişiklik gözləmir. Hesab edirəm ki, dəyişiklik gözləmək də düzgün olmaz. Sadəcə olaraq beynəlxalq ictimaiyyətə Ermənistan tərəfinin danışıqlar etmək və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasını istəmədiyini sübut etmək lazımdır”.

Kənan Eynuroğlu