Deputat əfv sərəncamından danışdı: "Prezident xalqı sevinəndə sevinir"




"Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünkü əfv sərəncamı 431 nəfər məhkum olunmuş şəxslərin özləri, doğmaları və yaxınları üçün ən böyük bayram hədiyyəsidir". 

Bu barədə "Sherg.az"a millət vəkili Sahib Alıyev bildirib. 

O qeyd edib ki, ömrünün bir hissəsini, bəzi hallarda isə hamısını 4 divar arasında keçirməli olan birinə azadlıq bəxş etməyin qarşılığında hədiyyə sözü çox kiçik qalır: 

"Bu, bir yaxşılıqdır, azadlığa çıxanlardan da daha çox, onların törətdikləri cinayətdə heç bir rolları olmadğı halda bunun əziyyətini çəkən doğmalarına, yaxınlarına, Azərbaycan adına edilən və ancaq ən böyüyə xas böyük yaxşılıqdır. 

Onu da deyək ki, bu son 16 ildə dövlət başçımızın etdiyi 33-cü belə yaxşılıqdır ki, ondan da 5 minə yaxın ailəyə pay düşüb. Bundan başqa bu müddət ərzində Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsüylə 4 amnistiya olub. On minlərlə soydaşımız da onda sevinib. Əminəm ki, cənab İlham Əliyev buna onlardan heç də az sevinməyib. Çünki bu onun sözləridir: "Prezident nə vaxt sevinir, Prezident xalqı sevinəndə sevinir".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam 431 şəxsə şamil olunub.

Ayyət Əhməd