“Bu böyük humanizm aktını alqışlayıram” – Ekspert əfv sərəncamını təqdir edir





"Dünyanı mərhəmət, qayğı, insanpərvərlik xilas edəcək. Bəşəriyyətin xilas yolu yalnız bundadır. Əfv sərəncamını əlbəttə ki, yüksək qiymətləndirmək lazımdır. Məhbəsdə olmuş insanın azadlığına qovuşması, Novruz bayramı kimi hər bir azərbaycanlının müqəddəs hesab etdiyi bayramı ailəsinin, doğmalarının yanında, öz evində, bayram süfrəsi başında keçirməsindən yaxşı nə ola bilər ki?!”.

Bunu "Sherg.az”a tanınmış politoloq Nəzakət Məmmədova deyib.

O qeyd edib ki, bu qərar dövlət-vətəndaş münasibətinin yeni mərhələyə yüksəlməsinin daha bir parlaq təzahürüdür:

"Dövlət başçısının konstitusiyanın ona verdiyi səlahiyyətdən istifadə edib belə bir humanist addım atması, çox təqdirəlayiqdir. Ümid edirəm ki, əvf edilən vətəndaşlarımız- onların arasında siyasi baxışları fərqli insanlar da var - dövlət arasında münasibətlər normallaşmağa doğru gedəcək. Bu həm də onu göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşları ilə münasibətləri özü tənzimləyir, heç bir kənar qüvvə bizim daxili məsələlərimizə qarışa bilməz. Bir daha bu böyük humanizm aktını alqışlayıram və prezidentin ədalətli mövqeyinə görə təşəkkürümü bildirirəm!

Bu addım gözlənilən idi. Çünki bu, İlham Əliyevin fəaliyyətində bir ənənə halı almış istiqamətdir məhbusların əvf edilməsi və azadlığa çıxması, yüzlərlə insanın cəzanın qalan hissəsindən azad etmə. Demək olar ki, əlamətdar bayramlar ərəfəsində biz dövlət başçısının əfv elan edilməsinin şahidi oluruq.

Məhkum edilmiş şəxslərin əfv edilməsi barədə sərəncam da növbəti humanist addım idi və inanıram ki, bu, son belə sərəncam olmayacaq. Dövlət başçısı humanist addımlarını davam etdirəcək və bu, Azərbaycan dövlətinin əsas prinsipi olan vətəndaş-cəmiyyət-dövlət birliyini daha da möhkəmlədəcək”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncam 431 şəxsə şamil olunub.

Ayyət Əhməd