68 yaşlı Səfərovu gənc kadr əvəzlədi

İctimaiyyət nümayəndələri yeni təyinatın heç olmasa bundan sonra qurumun ictimai-siyasi fəaliyyətində dönüş yaradacağına ümid edirlər
"Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır"



Dünən Dağlıq Qarabağın Azərbaycanlı İcmasının II qurultayı keçirilib və quruma yeni sədr seçilib. Qurultayın yekun qərarına əsasən, Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın yeni sədri olub. Bununla da Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik edən Bayram Səfərov tutduğu postdan uzaqlaşıb. İcmanın 23 nəfərdən ibarət yeni idarə heyəti də təsdiq edilib. Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov və Asif Cahangirov icra heyəti sədrinin müavinləri vəzifələrini tutublar. 68 yaşı olan Səfərovu daha gənc və indiyə qədər ictimaiyyətə elə də tanış olmayan Gəncəliyevin əvəzləməsi maraqla qarşılanıb. İctimaiyyət nümayəndələri yeni təyinatın heç olmasa bundan sonra qurumun ictimai-siyasi fəaliyyətində dönüş yaradacağına ümid etdiyini deyiblər. 

Məlumat üçün deyək ki, Tural Babaşah oğlu Gəncəliyev 1980-ci ildə Şuşada anadan olub. Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb, Ombudsman Aparatında və XİN-də çalışıb. 2014-cü ildə o, Azərbaycanın Çexiyadakı səfirliyində 1-ci katib işləyib. Gəncəliyevlə bağlı maraqlı fakt onun musiqiçi olmasıdır. 2014-cü ildə Praqadakı Çexiya Milli Muzeyinin binasında Nigar Əfəndiyev və Tural Gəncəliyev dahi bəstəkar Üzeyir Hacıbəyovun "Sənsiz” əsərini tar və fortepianoda ifa ediblər. Gəncəliyev 2017-ci ilə Vyanada tədbirdə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini bölüşüb. Bir sıra ekspertlərə görə, icma sədrinin peşəkar diplomat, beynəlxalq hüquqa bələd intellektli gənc kadrla əvəzlənməsi ciddi məqamlardan xəbər verir. Görünür, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyi artıq beynəlxalq müstəviyə qədəm qoymaqdadır. Xatırladaq ki, 1992-ci ildə təsis edilmiş icma Dağlıq Qarabağın 65 mindən çox olan azərbaycanlı əhalisini birləşdirən təşkilatdır. İcmanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.


Yeni təyinatla bağlı "Şərq”ə fikirlərini bölüşən "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı deyib ki, zaman keçdikcə hər şey yenilənir. Azərbaycanda da hər sahədə islahatlar aparılır: 

"Müxtəlif dövlət qurumlarında, hətta Qarabağ danışıqlarında belə yeni müstəvilər meydana çıxır. Bu mənada hər sahədə gəncləşməni müsbət qiymətləndiririk. Mən Tural Gəncəliyevi tanıyıram, kifayət qədər təcrübəsi olan adamdır və bir neçə xarici dil bilir. Xarici İşlər Nazirliyində fəaliyyət göstərdiyinə görə, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da məlumatlıdır. Düşünürəm ki, o, prosesə öz töhfəsini verəcək. Əlbəttə, bəri başdan dəqiq nəsə söyləmək mümkün deyil. Nəzərə alaq ki, bu kimi məsələlərdə yalnız gənclərin enerjisi kifayət etmir. Həmçinin, yaşlı nəslin nümayəndələrinin təcrübəsindən də istifadə etmək lazımdır. Nə deyə bilərik? Uğurlar arzulayırıq. Əgər icmanın bizimlə bağlı tapşırığı olarsa, media nümayəndəsi kimi icra etməyə hazırıq. Arzu edərdik ki, bu dəyişiklik problemlərin həlli istiqamətində müsbət nəticə versin”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da hesab edir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbərinin dəyişdirilməsi doğru qərardır: 

"Açıq demək lazımdır ki, Bayram Səfərov bu işin öhdəsindən gələ bilmirdi. Bu vəzifədə çevik şəxsə ehtiyac var. İcmamızın rəhbəri erməni separatçıları, Ermənistan hakimiyyəti və erməni lobbisi ilə mübarizədə güclü olmalıdır. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri həm açıqlama vermək, həm də üçüncü ölkələrdə ermənilərlə polemika aparmaq bacarığına malik olmalıdır. İcma rəhbərinin rus və ingilis dillərində sərbəst danışması da vacibdir. İnanmaq istərdim ki, Qarabağın azərbaycanlı icmasının rəhbəri üçün bütün lazım olan keyfiyyətlər Tural Gəncəliyevdə var. Ona gərgin və məsul fəaliyyətində uğurlar arzulayıram”.

Millət vəkili Aqil Abbas isə "Şərq”ə deyib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasına sədrlik edən şəxs qarabağlıların əksəriyyəti tərəfindən tanınmalı və qəbul olunmalıdır: 

"Şəxsən mən Tural Gəncəliyevi tanımıram və hesab edirəm ki, bu işə qarışmağa ixtiyarım yoxdur. Əgər səs verib onun sədr seçənlər tanıyırlarsa, onda Allah işini avand eləsin”.

İsmayıl