22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yolu...

Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının nəticələri uğurludur




Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin, dövlətin demokratik inkişaf göstəricisi kimi dəyərləndirilir. Çünki informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi sayılır. Azərbaycanda da medianın azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumiyyətlə ölkəmizdə söz və fikir azadlığının bərqərar olması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz Azərbaycanda söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət verərək, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaradıb.

İndiki zamanın reallıqlarına düzgün dəyər vermək üçün ötən illərə diqqət yetirmək və obyektiv təhlil aparmaq zəruridir. Müstəqilliyimizin ilk illərindəki ağır vəziyyət çoxlarına yaxşı bəllidir. O vaxt ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığı hər addımda boğulur, jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Lakin ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. H.Əliyev 1998-ci ildə dövlətin mətbuata nəzarət mexanizmi olan senzuranı ləğv etməklə, azad və müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan sərəncamlar imzalamaqla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Senzura Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda ləğv olundu. Bunun ardınca ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. "Dövlət siyasətinin əsas məqsədlərindən biri Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması demokratik islahatların həyata keçirilməsindən ibarətdir” deyən ümummilli lider azad mətbuatın inkişafına diqqət və qayğı göstərərək, uğurlu nəticələrə nail oldu. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoydu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, "Məlumat azadlığı haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, "Ətraf mühitə dair informasiya almaq haqqında” qanunların qəbul edilməsi cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrildi. H.Əliyevin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı” bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynadı.

Ümummilli liderin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası” buna əyani sübutdur. İnsanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bəzi əlavə və dəyişikliklər mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələri bir daha dəqiqləşdirdi. Ölkə başçısının şəxsi təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradıldı. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən Prezident dəfələrlə bəyan edib ki, söz və informasiya azadlığı hər bir ölkə üçün, dövlətin inkişafı üçün ən vacib məsələlərdəndir: "Azərbaycanda söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması çox vacib məsələlər hesab olunur. Bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçib”. Həqiqətən ötən 10 ildə Prezident İ.Əliyev tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanıb. Qanunvericilik aktları təsdiq edilib. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olub. Azərbaycanda qabaqcıl və azad mətbuat formalaşıb. Ölkədə 5000-nə yaxın mətbuat orqanı, onlarla jurnalist təşkilatları, ümumrespublika, peyk, regional və kabel televiziyaları və informasiya agentlikləri fəaliyyət göstərir. Dövlət rəhbərinin fərmanı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Qeyd etdiyimiz kimi, mətbuatın inkişafına yönələn addımlar davamlılığı ilə diqqət çəkir. Milli Mətbuatımızın 135 illiyinin ölkəmizdə dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi biri-birindən əhəmiyyətli addımlar qeyd etdiklərimizin təsdiqidir. Cari ilin iyulunda Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir.

Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə "RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.

XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu isə bu mübarizəni daha da kəskinləşdirir. İstər ölkə, istərsə də beynəlxalq ictimaiyyətin ölkə reallıqları ilə dolğun məlumatlandırılmasında təbii ki, mətbuatın üzərinə böyük məsuliyyət düşür. Yazılı və elektron KİV-lərin ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alsaq, bu missiyanın obyektivliyə, qərəzsizliyə söykənməsinin böyük zərurət olduğu aydın dərk olunur. Ən əsası nəzərə alsaq ki, Azərbaycan müharibə şəraitindədir, bu gün mətbuatdan gözləntilərin nədən ibarət olduğu daha qabarıq şəkildə özünü büruzə verir. İnformasiya mübarizəsində qələbə uğura yol açan əsas amillərdəndir. Media Dağlıq Qarabağ probleminin əsil mahiyyətini, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyini, erməni təbliğatının əsassızlığını faktlar əsasında dünya ictimaiyyətinə çatdıran ən təsirli "silahdır”. Azərbaycanın uğurlarını həzm etməkdə çətinlik çəkən müxtəlif dairələr daim ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Mətbuat belə qərəzli yanaşmalara cavab olaraq Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurları əsaslı şəkildə ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı bacarmalıdır. Azərbaycan demokratik ölkədir. Ölkəmizin demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. 9 oktyabr prezident seçkilərini Azərbaycanda demokratik islahatların təntənəsi kimi dəyərləndirən Qərb və Avropa ölkələrinin müşahidə missiyaları bu fikri xüsusi qeyd etdilər ki, Azərbaycanın seçki təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Ölkəmizdə bütün azadlıqlar mövcuddur. İnsanlar öz seçim hüquqlarından sərbəst istifadə edərək seçki proseslərinə qatılır, istədikləri namizədə səs verirlər. Vətəndaşların sərbəst toplaşmaq azadlıqları yüksək səviyyədə təmin edilir. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün normal şərait yaradılır. Hər bir istiqamət üzrə konkret proqramların qəbulu inkişafı daha da sürətləndirir. Eyni zamanda cəmiyyətin idarə olunmasında əsas amil olan qanunlarımız mövcuddur. Qanunlara hörmətlə yanaşmaq siyasi əqidəsindən, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların qarşısına əsas tələb kimi qoyulur. Təbii ki, informasiya bolluğu təmin edilərsə, bu halda istər ölkə, istərsə də beynəlxalq ictimaiyyət bəzi dairələrin apardığı yalan təbliğata uymaz, həqiqətlərin təbliğində fəal mövqe tutaraq, bu işə öz dəstəklərini göstərmiş olarlar. Bu baxımdan hər bir mətbuat orqanı ictimaiyyətin gözləntilərini hansı səviyyədə yerinə yetirdikləri ətrafında daim düşünməli, öz qarşısında hesabat verməlidir. Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda dolğun, ölkənin bu günü və gələcəyi üçün önəmli məsələlərin həllinə xidmət edən yazılar ortaya çıxar. Təəssüflər olsun ki, bu prinsipləri öz fəaliyyətlərində arxa plana keçirən bir sıra media qurumları da var. Əlbəttə, ölkədə müxtəlif baxışların, müxtəlif siyasi meyillərin olması təbiidir. Ancaq media hər şeydən əvvəl dövlət maraqlarını qorumalı və dövlətçiliyimizin inkişafına öz töhfəsini verməlidir. Biz demokratik cəmiyyətdə yaşayırıq və hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir. Yanaşmalar obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Atılan addımlar da öz müsbət nəticəsini verir. Bütün bunlar isə bir daha sübut edir ki, Azərbaycanda söz və mətbuat azadlığı inkişaf edir. Çünki söz və fikir azadlığı sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.

İsmayıl