Azərbaycanlı diaspor üzvünün xanımı evində güllələnib

Sərxoş qatil səs-küy gələn evi səhv salıb



Rusiyada Azərbaycanın diaspor üzvlərindən biri, Nijni-Novqorod şəhərində diaspor fəaliyyəti ilə məşğul olan Rasim Quliyevin 40 yaşlı həyat yoldaşı Oksana xanım qətlə yetirilib. Qatil isə qonşuluqdakı ev sahibinin oğlu olub.

Hadisənin geniş təfərrüatları barədə "Şərq”ə danışan Ümumrusiya Azərbaycanlıları Konqresinin Nijeqorodsk bölməsinin rəhbəri Məmmədcamal Məmmədov bildirib ki, cinayətkar qonşuluqdakı mənzildə yaşayan biri olmayıb, atasının evinə qonaq gəlib və hadisəni içkili halda törədib: "Hadisə şəhərin Kanavinski rayonunda törədilib. Azərbaycanlı ailə ilə eyni binanın birinci mərtəbəsində yaşayan 49 yaşlı qatil yuxarı mərtəbədəki qonşu evin təmir edilməsi ilə gələn səsi səhv salıb. Hadisəni törədən şəxs elə zənn edib ki, səs-küy bu evdən gəlir. Sonradan adıçəkilən qonşunun yaşadığı mənzilə qalxıb və hamilə olan azərbaycanlı qadınla mübahisə edib. Öldürülən qadın səsin onlardan gəlmədiyini bildirsə də, o, inanmayıb. Daha sonra öz mənzilinə qayıdan qonşu oradan ov tüfəngini götürərək yenidən yuxarı qalxıb. Sərxoş vəziyyətdə olan şəxs azərbaycanlı ailənin qapısını atəşə tutub. Bu vaxt taxta qapının arxasında olan 40 yaşlı hamilə qadına bir neçə güllə dəyib və o, yerindəcə keçinib”.

Qeyd edək ki, hazırda faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır və cinayətkarın ov tüfəngini haradan alması öyrənilir. Həmçinin təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Vüqar Şahinoğlu