Ağırtonnajlı maşınlar şəhərdə qəzalara səbəb olur

Bakıda yalnız xüsusi təyinatlı avtomobillərin hərəkətinə icazə verilib



Bayram günləri qəzasız ötüşmədi. Ölkə yollarında yenə də avtomobil qəzaları baş verdi, ölən və yaralananlar oldu. Səbail rayonu ərazisində baş vermiş zəncirvari qəza isə xüsusi diqqəti cəlb etdi. Bu baxımdan ki, həmin qəzaya səbəb ağırtonnajlı "Şhaqman” markalı avtomaşın idi.

Sual olunur, bu ağırtonnajlı maşın günün-günorta çağı şəhərin mərkəzində nə "gəzir” ki, nə az, nə çox - tam 6 maşını şil-küt də eləsin?! Bu problem dəfələrlə qaldırılıb, ağırtonnajlı maşınların, "kuzovu” daşla dolu yük avtomobillərinin, betonqarışdıranların, qaldırıcı kranların şəhərin mərkəzində hərəkətinin qəzalara münbit şərait yaratdığı deyilib. Hətta ağır avtomobillər bir neçə dəfə körpülərə də ilişib, piyada keçidlərini sıradan çıxarıb. Bununla belə, "cırtdan” avtomobillərə meydan oxuyan "nəhənglər” yollardan əskik olmur. Onsuz da tıxaca boyun əymiş paytaxtımızda ağırtonnajlı maşınlar da bir tərəfdən avtomobillərin hərəkətinə mane olur, tıxac yaradır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Şərq”ə açıqlamasında paytaxtda yalnız xüsusi təyinatlı avtomobillərin hərəkətinə icazə verildiyini bildirdi:

- Yük avtomobilləri, ağırtonnajlı maşınların hərəkətinin tənzimlənməsi yol nişanları vasitəsilə həyata keçirilir. Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyətinin 2009-cu il sərəncamına uyğun olaraq yük maşınlarının, ağırtonnajlı maşınların mərkəzi yollarda hərəkəti səhər saat 8-dən axşam 21-dək ancaq xüsusi icazə ilə mümkündür. İcazəsi olmayan bu tip avtomobillərin göstərilən saatlarda paytaxt yollarında hərəkətinə icazə verilmir. Belə avtomobillər paytaxtın mərkəzi hissəsinə xüsusi icazə ilə buraxılır. Məsələn, şəhərdə aparılan tikintilərdə çalışan avtomobillər, ağır texnika xüsusi təyinatlı avtomobillər sayılır. Və onlara gün ərzində paytaxt yollarında hərəkət etmək səlahiyyəti verilir. Belə olmasa, bir tikinti illərlə uzanar. Gərək bu avtomobillər hərəkətdə olsun ki, iş də icra edilsin. Xüsusi təyinatı olmayan ağırtonnajlı avtomobillər, yük maşınlarına isə göstərilən saatlarda paytaxtın mərkəzi yollarında hərəkət qadağandır. Bir də ki, baxır, avtomobilin daşıdığı yükə. Elə yüklər var ki, onu axşam da daşımaq olar. Amma bütün hallarda ağırtonnajlı avtomobillərin sürücüləri daim diqqətli olmalıdırlar. Ağırtonnajlı avtomobili idarə etmək sürücüdən xüsusi ustalıq tələb edir.

Bəs, ağırtonnajlı avtomobillərin digər avtomobillərin hərəkətinə mane olmaması üçün hansı işlər görülür?

K.Əliyev hələ ki, bütün avtomobillərin ölkə yollarında "mehriban” hərəkət etmək məcburiyyətində olduğunu dedi:

- Bizdə hələ ki, avtomagistral yollar azdır. Avtomagistral yollarda yük maşınlarının, digər növ ağır texnikanın hərəkəti üçün xüsusi zolaqlar olur. Bakıda belə yol yalnız Zığ şossesi və bir də, Bakı dairəvi yoludur. Bu iki yolda ağırtonnajlı avtomobillərin sol kənar zolaqla hərəkətinə icazə verilmir. Çünki burada avtomobillər üçün sürət saatda 110-dur. Yük maşınları isə saatda 90-la sürməlidir. Ona görə də yük maşınlarına sol zolaqla hərəkət etmək qadağandır. Yük maşınlarının, ağırtonnajlı maşınların sərbəst hərəkəti və başqa nəqliyyat vasitələrinə mane olmaması üçün gərək alternativ yollar olsun. Bizdə isə hələ ki, bu, yoxdur. Buna görə də, Dövlət Yol Polisi sürücülərə daim xəbərdarlıq edir. Xüsusilə də bayram günlərində sürücüləri diqqətli olmağa, sürəti artırmamağa çağırırıq. Bu dəfə də belə xəbərdarlıq edilmişdi. Amma təəssüf ki, qəzalarsız ötüşmədik.

Məlahət Rzayeva