Sürücülər hüquqlarını bilməlidir

Texniki baxışa görə 20 manat ödənilməsinin mənfi tərəfləri də var



Milli Məclisdə Vergi Məcəlləsinə edilən son dəyişikliyə əsasən, yanvarın 1-dən avtomobillərə tətbiq olunan yol vergisi ləğv edilib. Artıq sürücülər və nəqliyyat vasitəsi sahibləri öz nəqliyyat vasitələrini texniki baxışdan keçirərkən yalnız texniki baxışa görə dövlət rüsumu ödəyəcəklər. Bu isə o deməkdir ki, bütün şəxslər öz nəqliyyat vasitələrinin mühərrikinin iş həcmindən, markasından, təyinatından və növündən asılı olmayaraq, yalnız bir ödəniş edəcəklər.

Həmin ödəniş isə "Dövlət rüsumu haqqında” qanunun 18.65.1 maddəsində müəyyən olunan texniki baxış rüsumudur. Bu rüsumun məbləği avtomobillər üçün 20 manat, motosikletlər, qoşqular və yarımqoşqular (o cümlədən avtomobillər üçün qoşqular və yarımqoşqular) üçün isə 10 manatdır.

Qeyd edək ki, texniki baxış rüsumundan (10 və ya 20 manat) və 1 manatdan artıq olmamaqla bank xərcindən əlavə sürücüdən texniki baxış zamanı hər hansı digər ödənişin (bilka pulu, müayinə pulu və başqa ad altında) tələb olunması qanunsuzdur. Texniki baxışın dövrüliyi isə əvvəlki kimi qalır. Belə ki, minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tonadək olan yük avtomobillri və motosikletlər istehsal ilindən sonrakı 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçməlidir.

"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlının fikrincə, Vergilər Məcəlləsinə edilən müvafiq dəyişikliklər sürücülər üçün xeyirlidir. Avtomobillərin texniki baxışdan keçməsinin sürücülər üçün hər zaman problem olduğunu vurğulayan E.Muradlının sözlərinə görə, əsas problemlərdən biri də yol vergisinin hesablanması zamanı sürücülərdən əlavə ödənişlərin alınması idi: "Bəzi vaxtlar texniki baxış xərci 50 manat tutan avtomobilin sahibindən 70-80 manat alırdılar. Dövlət Yol Polisi bunu qətiyyətlə təkzib etsə də, bu, bütün sürücülərin başına gələn haldı. Bunun da əsas səbəbkarı elə sürücülərdir. Sürücülərimiz öz hüquqlarını bilmədiyi üçün bu cür acınacaqlı hallar yaranırdı. Bizdə 5 manatlıq "aptekça”nı alıb, maşına qoymurlar, amma texniki baxış zamanı 20 manat "şirin”lik verməyə razı olurlar. Eləcə də, bir dəfəlik 30 manat verib, yanğınsöndürən balon almırlar, hər il ona görə filan qədər cərimə ödəyirlər”.

Avtomobillərin texniki baxışdan keçməsi üçün cəmi 20 manat ödənilməsinin bir sıra üstün cəhətləri olduğunu vurğulayan baş redaktor deyib ki, başlıcası odur ki, avtomobillər yol vergisindən azad olunub. Artıq hər bir sürücü sadəcə texniki baxışdan keçib, 20 manat da rüsumunu ödəyib sənədini alacaq.

Bəzi ölkələrdə texniki baxışın ləğv edildiyini vurğulayan E.Muradlı deyib ki, cinayət xarakterli əməllərin üstünü açmaq üçün texniki baxış vacibdi. Həmçinin bu proses avtomobilin saz vəziyyətdə olduğunu yoxlamaq üçündür. Onun sözlərinə görə, baxış zamanı tələb olunan texniki göstəricilər yerində olarsa, sürücü üçün heç bir problem yaradıla bilməz.

E.Muradlının sözlərinə görə, texniki baxışa görə 20 manat ödənilməsinin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfi də odur ki, benzinin qiymətində artım olacaq: "Vergi Məcəlləsinə edilən dəyişikliklə ARDNŞ-nin yanacaq üçün 2 qəpik yol vergisi ödəyəcək. Hesab edirəm ki, burada açıq qalan məqamlar var və onlar öz həllini tapmalıdır. Dəyişiklikdə sual doğuran bir məsələ də ötən il texniki baxışdan keçməyən avtomobillərə qarşı hansı prosedurun həyata keçiriləcəyidir.

Yəni ötən il texniki baxışdan keçməyən avtomobillər 2015-ci ildə texniki baxışdan keçərkən yol vergisini verməlidir? Ya yeni qaydalarla keçməlidir? Bütün bu suallar açıq qalıb.

Hesab edirəm ki, Dövlət Yol Polisi bu məsələyə aydınlıq gətirməli, sürücüləri məlumatlandırmalıdır ki, yeni dəyişikliklər geriyə şamil olunacaq, ya yox. Mən yeni iş günündə aidiyyəti qurumun qrafik açıqlayacağına ümid edirdim. Amma məsələyə hələ də rəsmi qaydada aydınlıq gətirilməyib”.

Şəymən