Ailələrinə gələn pullar azaldı

Rublun dəyərdən düşməsi azərbaycanlı miqrantların da büdcəsinə təsir edib


Rus rublunun sürətlə dəyərdən düşməsi Rusiya vətəndaşları ilə yanaşı, bu ölkədə işləyən azərbaycanlı əməkçi miqrantların da büdcəsinə mənfi təsir göstərib. Həmin məsələ son günlər özünü daha aydın şəkildə büruzə verir. Belə ki, qazanc arxasınca təxminən əhalisinin 40 faizdən çoxu Rusiyaya üz tutan Zaqatala sakinləri artıq ayağa qalxıblar.

Onlar bildirirlər ki, Rusiyada rublun dəyərsizləşməsi bu ölkədən ailələrə göndərilən pulu həddən artıq azaldıb. Bu da dolanışığı həmin ölkənin vəsaiti formalaşan ailələr üçün gərgin vəziyyət yaradıb. Rayon sakini Abdulla Əliyev bildirib ki, rublun dəyəri yoxdur: "Hələ söhbət var ki, rubl yenə düşəcək. Bunun axırı necə olacaq, bilmirik”. Rayon digər sakini Ramazan Uşnayev normal bazarlıq edə bilmədiyindən şikayətlənib: "Gəlmişdim bu gün pul dəyişməyə -12.50-yə düşüb. Bu pulla nə edə bilərəm? Bazarlıq eləmək olmur. Mahaçqalada işləyirəm. Rusiya olmasa, biz necə yaşayarıq”.

Məsələni şərh edən "Trend” İnformasiya Agentliyinin analitiki Arzu Nağıyev "Şərq”ə bildirib ki, Rusiyada siyasi və iqtisadi cəhətdən baş verənlər Azərbaycana da öz təsirini göstərir: "Rublun dəyərdən düşməsi Rusiyada iqtisadi problemlərin siyasi müstəviyə keçməsinə gətirib çıxara bilər. Bu isə müəyyən qüvvələrin, istər müxalifət olsun, istərsə də digər maraqlıların siyasi mübarizəsinin vüsət almasına və bütün ölkədə iqtidara qarşı inamsızlığın artması deməkdir. Rusiyada yaxın xaricdən, o cümlədən Azərbaycandan da çoxsaylı miqrantlar yaşayır. Əlbəttə ki, tənəzzül onlardan da yan ötməyəcək. Oradakı həmyerlilərimiz öz statuslarına uyğun olaraq problemlərlə üzləşəcəklər. Bu gün hər bir miqrant bir cür, vətəndaş isə başqa cür problemlə rastlaşır. Miqrantı rubl və manatın ekvivalentliyi və alıcılıq qabiliyyəti maraqlandırırsa, vətəndaşı daha çox qlobal məsələlər, kommunal xərclər, bahalaşma və digər məsələlər maraqlandırır”.

Ekspert düşünür ki, şimal qonşumuzda vəziyyət gərginləşdikcə, Avropaya böyük miqrant axını ola bilər: "Bu isə hazırkı vaxtda Avropa üçün arzuolunmaz bir problemə çevrilə bilər. Bundan başqa, Rusiya nüvə silahına malik bir dövlətdir və hərbi potensialı və dünyada çəkisi olan silahlı qüvvələri var. Bu imkanlardan istifadə etməklə, o, Avropanın bir sıra dövlətlərində gərginlik yarada bilər. Bunlar da qərbi düşündürən məsələlərdir”.

A.Nağıyev hesab edir ki, hazırda Rusiyada baş verənlər dünyadakı onsuz da pozulmaqda olan "nizam” üçün böyük bir təhdid və təhlükədir: "ABŞ və Qərb dövlətləri müəyyən qədər öz istəklərini reallaşdırdılar. Lakin bunu tam müsbət nəticə kimi qiymətləndirmək olmaz. Onsuz da bu yollarla Rusiyanın tam çökməsi mümkün deyil. Belə hallar tarixdə bir neçə dəfə təkrarlanıb. Çünki son illərdə bir neçə dövlətdə belə qadağa və sanksiyalar vətəndaşların daha da aqressivləşməsinə və birliyinə gətirib çıxardı. Məhz ona görə də danışıqlar yolu, qüvvə və güc nümayişindən daha effektli nəticə verə bilər”.

Ayyət Əhməd