Sarıqamış qurbanları Azərbaycanda da anılsın

Tənzilə Rüstəmxanlı millət vəkilinin təklifini bəyənir




Millət vəkili Fazil Mustafa öz "facebook” səhifəsində maraqlı təkliflə çıxış edib. Deputat Sarıqamış qurbanlarının Azərbaycanda da yad edilməsini istəyib. Onun sözlərinə görə, hərəkatın yüz illiyində Türkiyədə 100 min adam 10 km yolu Allahuəkbər dağlarına doğru qarlı-şaxtalı havada yürüyərək bir vəfa nümunəsi ortaya qoyub:

"100 il öncə burada fəlakətli şaxtadan 90 minə yaxın türk əsgəri donaraq ölüb. Təbiətin faciəsi türk ordusunun ruslar qarşısında məğlubiyyətinə şərait yaradıb. Türk insanı həmin dəhşəti indiyə qədər unutmur. Bu türk əsgəri biz Azərbaycan türkləri üçün də böyük fədakarlıq edib. Milli Qəhrəmanımız Nuru Paşanın hərbi rəhbərliyi ilə vətənimizi, onun paytaxtını erməni-rus işğalından təmizləyərək bizlərə ərməğan ediblər. Savaşlarda da 1300-dən artıq şəhid veriblər. Sadəcə istərdim ki, Azərbaycanda da rəsmi səviyyədə Sarıqamış faciəsində şəhid olan türk əsgərinin xatirəsi yad edilsin. Televiziyalarda sənədli filmlər nümayiş etdirilsin. Çünki Osmanlı ordusu bizim vətəni də xilas etmiş bir ordudur. Onun əsgərini də özümüzünkündən ayırmamalıyıq”.

Deputatın təşəbbüsünü dəyərləndirən Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Şərq”ə açıqlamasında bunun çox doğru bir arzu olduğunu söyləyib: "Həmin dönəmlər Sarıqamışda əsir götürülən türk əsgərləri Nargin adasına gətiriliblər. Ən ağır cəzalara və əziyyətlərə məruz qalıblar. Sözsüz ki, qardaş ölkəni kədərləndirən problem Azərbaycanı da qayğılandırmalıdır. Bir-birimizin sevincinə və kədərinə şərik çıxmalıyıq. Nədən də olmasın? Bir millətik. Türkiyə ilə Azərbaycanın qardaş olması dünyaya bəllidir. Onların yüksək səviyyədə anılması yaxşı haldır. Onsuz da Azərbaycandan qardaş ölkədəki anım tədbirlərinə gedənlər olur”.

Ayyət Əhməd