“Xanhüseyn müəllim yanlış açıqlamalar verir”

Qubad İbadoğlu: “Bizim yaratdığımız hərəkatdır, partiya deyil”


Müsavat başqanı Arif Hacılıdan narazı qalan Qubad İbadoğlu və tərəfdarlarının yaratdığı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı millət vəkili, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlı tərəfindən narazılıqla qarşılanıb.

Partiyasının adı ilə oxşarlıq təşkil edən bir hərəkatın yaranmasına münasibət bildirən deputat deyib ki, Rifah adında partiya olduğuna görə bu hərəkat heç kimə lazım deyil: "Hələ bilmirəm, onların yaratdıqları hərəkat qeydiyyatdan keçib, ya yox. Amma 1992-ci ildən Azərbaycan Sosial Rifah Partiyası xalqa xidmət edir. Bu partiya nə iqtidarın, nə də müxalifətin ideyaları ilə razılaşmır və özünəməxsus proqramla fəaliyyət göstərir”. Millət vəkili vurğulayıb ki, adıçəkilən yeni hərəkat qeydiyyatdan keçərkən müvafiq qurumlar ad oxşarlığı məsələsini diqqətdə saxlamalıdır.

X.Kazımlının ittihamı ilə bağlı "Şərq”ə açıqlama verən başqanlığa keçmiş namizəd, ADP sədri Qubad İbadoğlu millət vəkilinin açıqlamasında yanlışlıqların olduğunu deyib. Q.İbadoğlu bir daha bəyan edib ki, ADP siyasi partiya deyil, ictimai hərəkatdır: "Xanhüseyn müəllimin rəhbərlik etdiyi partiyanın adı ilə hər hansı oxşarlıqdan söhbət gedə bilməz. Sadəcə hərəkatımızın adındakı bir söz onun partiyasındakı bir sözlə üst-üstə düşür. Bu da heç bir qanunla, qaydayla qadağan olunan məsələ deyil. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən xeyli hərəkatlar və partiyalar var. Onların adlarında bir, hətta bəzən bir neçə söz eynilik, oxşarlıq təşkil edir. Mənə elə gəlir ki, Xanhüseyn müəllim bizim hərəkatla bağlı tam məlumatlı deyil. Zənn edirəm, o, yanlış məlumatlar əsasında bu cür düzgün olmayan şərh verib. Yaratdığımız hərəkat siyasi partiyalar haqqında qanunla deyil, ictimai birliklər və fondlar haqqında qanunla tənzimlənib. Hərəkat bu istiqamətdə fəaliyyət göstərəcək və çərçivədən kənara çıxmayacaq”.

İsmayıl