Cəbhədəki gərginlik Ermənistanın təxribatıdır

Sarkisyan hakimiyyəti bununla Rusiyanın diqqətini cəlb etmək istəyir



Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik yenidən şiddətlənib. Düşmən ordusu Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 83 dəfə pozulub.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, erməni silahlı bölmələri İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Bundan başqa Tərtər rayonunun Çaylı, Göyarx, Çiləbürt, Seysulan, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Kəngərli, Şuraabad, Şıxlar, Novruzlu, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdən mövqelərimizə davamlı atəş açıblar. Düşmən cavab atəşi ilə susdurulub. Düşmən ölkənin destruktiv mövqeyinə Azərbaycan MN kəskin reaksiya verib. Sözügedən qurum birmənalı şəkildə bəyan edib ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir. Bu, Ermənistanın SQ-nin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq. Məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcək.

Ermənilərin cəmiyyətimizdə psixoloji şok doğurmağa çalışdıqlarını deyən Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, sərhəddə dramatik vəziyyətin yaranmasının 2 səbəbi mövcuddur: "Birincisi, bu il Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Ölkəmizin niyyəti investisiyanın gəlməsi və turist axınlarına nail olmaqdır. İşğalçı rejim Azərbaycanın qazanclarını endirməyə çalışır. Cəbhədə həyata keçirilənlər də buna xidmət göstərir. Təcavüzkar qonşumuz ölkəmizi Qərb dairələrinə qeyri-sabit bir ölkə kimi təqdim etməyə çalışır. Çünki istənilən investoru qaçırtmağın ən yaxşı yolu budur. İkinci səbəb isə odur ki, hazırkı gedişatla İrəvan Moskvanı şantaj edir. Bu məqsədlə ki, Moskva onları əllərindən yerə qoymasın. Daim diqqət göstərsin. İstənilən halda problemlərinə yardımçı olsun. Bu siyasi gedişlərin Ermənistan Administarsiyasında hazırlanması şübhəsizdir. Göstərmək istəyirlər ki, bölgədə əmin-amanlıq yoxdur. Sülh şəraiti bərqərar olunmayıb. Bədnamlar onları çiyinlərində daşıyan Kremlin boynuna yük olmaq niyyətindədirlər. Açıq şəkildə silah almaq və iqtisadi yardımlar əldə etmək istəyirlər”.

Parlament üzvünün qənaətincə, Sarkisyan rejiminin daxili potensialı tükənib: "Üstəlik, şimal qonşumuz Rusiyanın da əvvəlki gücü yoxdur”.

Z.Oruc qeyd edib ki, ölkəmiz separatçı rejimin heç bir təbliğatına uymur: "Doğrudur, lokal toqquşmalar baş verir. Amma bunlar bütövlükdə düşmən ölkənin ziyanına işləyir”.

Parlament üzvü deyib ki, hazırkı durumda Qərbi və Rusiyanı suçlandırmaq doğru deyil: "Şimal qonşumuzun maraqlarına müvafiq olan odur ki, bölgədə sabitlik olsun. Onsuz da Ukrayna cəbhəsində aparılan savaş genişlənərək Qərb-Rusiya qarşıdurmasına çevrilib. Belə olan halda 3-4 cəbhədə müharibə aparmaq asan deyil”.

Nazirliyin bəyanatına münasibət bildirən millət vəkili düşünür ki, MN hərbi dildə danışmalıdır: "Əlaqədar qurumun mövqeyi çox düzgündür. Vəziyyətə adekvatdır. Onlardan yumşaq mövqe gözləmək yanlış olardı. Hərbi gərginliyi artıran deyil, vəziyyəti stabilləşdirən mövqelərə getmək daha əlverişli olardı. Əzələ nümayişi və lokal itkilər 2015-ci ilin siyasəti olmalı deyil”.

Ayyət Əhməd