Ceyms Uorlikin əminliyinin səbəbləri var

“2015-ci ildə Rusiya çökəcək, Qarabağ münaqişəsi həll oluna bilər”



ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında yeni açıqlama verib. Amerikalı həmsədr özünün "twitter” səhifəsində yazıb ki, 2015-ci il Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli və sülh üçün bir il olmalıdır.

Zorakılıq isə buna cavab deyil. C.Uorlikin statusunu dəyərləndirən "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə hesab edir ki, Uorlikin Qarabağ məsələsinin həll olunmasına bu dərəcədə əminliklə yanaşmasının səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, 2015-ci ildə Rusiya imperiyası çökəcək və bu çöküş də Qarabağ məsələsinin sülh yolu ilə tezliklə həll edilməsinə imkan verəcək. Yoxsa, Qarabağ məsələsinin başqa yolu yoxdur. Digər tərəfdən, Rusiya Azərbaycana təzyiq göstərmək üçün qoşunların təmas xəttində ermənilərin vasitəsilə müxtəlif provakasiyalar təşkil edir. Bu təhlükənin mövcudluğu Uorliki narahat edir”.

V.Quluzadə birmənalı olaraq hesab edir ki, 2015-ci ildə Dağlıq Qarabağ probleminin həll olunub-olunmaması Rusiyanın dünyada və regionumuzda hansı siyasət aparmasından asılıdır. Rusiyanın Krımı özünə ilhaq edən zaman tətbiq ediləcək sanksiyaların Kremli pis vəziyyətə qoyacağını heç kimin gözləmədiyini deyən V.Quluzadə bildirib ki, əgər Rusiyanın bütün əməliyyatları uğurlu olsaydı, Azərbaycan Gömrük İttifaqına daxil olmağa məcbur olacaqdı. Soçi görüşündə Gömrük İttifaqı məsələsinin müzakirə olunduğunu deyən V.Quluzadə qeyd edib ki, ona görə Ukrayna məsələsi, Rusiya iqtisadiyyatında baş verənlər Qarabağ probleminin həlli müddətinə təsir edən faktorlardır: "Əgər Rusiyanın çöküşü davam edəcəksə, o zaman Qarabağ problemi ilə bağlı sakitlik hökm sürəcək. Hazırda ekspertlər vurğulayırlar ki, Rusiyada böhran hələ yenicə başlayıb. Bəzi ekspertlərə görə, Putin 2015-ci ilin sonunda hakimiyyətdən gedəcək. Hazırda beynəlxalq iqtisadi müharibə gedir və bu müharibə ABŞ, Avropa Birliyi ilə Rusiya üz-üzədir. Rusiya baş verənlərin fonunda özünün zəifliyini göstərdi. İndi Rusiya toparlanmağa çalışacaq. Bu addımların hansı nəticə verəcəyindən çox şey asılıdır”.

Şəymən