Dövlət özü lazımi addımları atacaq

“Kəlbəcərli girovlarımızı azad edəcəyik”


Dekabrın 29-da azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulan qondarma məhkəmə prosesi yekunlaşıb. Gözlənildiyi kimi, "hakim” D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

5 saat davam edən qondarma prosesdən sonra Azərbaycan vətəndaşları üzü maskalı şəxslərin müşayiəti ilə Şuşa həbsxanasına aparılıblar. Girovların üzərində qurulmuş qondarma məhkəmənin çıxartdığı "hökmə” münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Hikmət Hacıyev deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan bu qurama məhkəmə işinin heç bir hüquqi əsası yoxdur və onun nəticəsi hər hansı hüquqi mahiyyət kəsb etmir. H.Hacıyev vurğulayıb ki, girovların azad edilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq təşkilatlarla təmaslar davam etdiriləcək. Qərb dövlətlərinin, beynəlxalq təşkilatların qərəzli yanaşmasını və ikili standartını nəzərə alan bir sıra ictimaiyyət nümayəndələri isə kəlbəcərli girovlarımızın hərbi əməliyyatlar yolu ilə azad edilməsini təklif ediblər. Məsələn, millət vəkili Bəxtiyar Əliyevin sözlərinə görə, qondarma məhkəmə qərarı əsas verir ki, Azərbaycan Ordusu hərbi əməliyyat keçirərək girovlarımızı terrorçulardan azad etsin: "Necə ki, ABŞ dünyanın müxtəlif ölkələrində əməliyyat keçirib öz adamlarını azad edir, Azərbaycan da belə etməlidir. Dünya bu vəhşiliyə, vandalizmə göz yumur və bu teatrı qəbul edir. Ordumuz buna son verməlidir”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov isə hesab edir ki, dövlətin özü lazım bildiyi ən düzgün addımlarla vətəndaşlarımızı girovluqdan xilas edəcək: "ABŞ müharibə etdiyi ölkələrlə savaşa son verdikdən sonra həmin ölkələrdə ələ keçən amerikalı əsgərləri müəyyən üsullarla azad edirdi. Amma biz bu gün Ermənistanla müharibə vəziyyətindəyik. Əlbəttə, Azərbaycan ordusunun torpaqlarımızı azad etməyə və girovlarımızı qurtarmağa qüdrəti çatır. Heç kimin buna şübhəsi olmasın. Amma bu məsələdə bəzi məqamlar var. Onsuz da Azərbaycan dövləti vətəndaşlarını girovluqdan azad etmək üçün lazımlı addımları atacaq. Heç kim buna şübhə etməsin. Sağlıq olsun, indi bizdə ermənilərin bir hərbi əsiri var. Bilmək olmaz, bəlkə yaxın günlərdə daha 4-5 erməni də əsir düşdü. Yəqin ki, bu vasitələrdən istifadə edilərək zəruri addımlar atılacaq”.

İsmayıl