Spirtli içki və siqaretin bahalaşması effekt verməyəcək

Bu, insanların vərdişlərinə yox, ciblərinə təsir edəcək



Azərbaycanda spirtli içki və tütün məmulatlarının qiymətlərində artım gözlənilir. Parlamentin İqtisadi siyasət komitəsinin iclasında müzakirə olunan "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən Azərbaycanda ölkədə istehsal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilir.

Hazırda bütün növ tütün məmulatlarının dəyərində aksizlərin payı 12,5 faiz təşkil edir. Dəyişikliklərə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 100 ədədinin dəyərində aksizin payı 10 manat, siqaretlər və onların əvəzləyiciləri üçün isə hər min ədədinə görə 4 manat müəyyən edilməsi təklif edilir. Bundan əlavə, spirtli içkilərin dəyərində aksizlərin payının artırılması təklif edilir. Beləliklə, içməli spirt, araq, likör, tünd içkilərdə aksizin payı 2 manat, konyakın və konyak məmulatlarının dəyərində 6 manat, şampan şərabının dəyərində 2,5 manat, pivənin və digər pivə içkilərinin dəyərində isə 0,2 manat olmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə hesab edir ki, sözügedən artımlar siqaret çəkməni və araq içməni azaltmaq üçün dövlət siyasətinin tərkib hissəsi kimi həyata keçirildiyi halda alqışalayiqdir. Amma ekspert təəssüflə bu siyasətin arxa planda qaldığını vurğulayıb: "Bizim Birlik hər zaman spirtli içkilərin və tütün məhsullarından istifadənin əleyhinə olub və imkanımız daxilində də bu məmulatlara qarşı mübarizə aparmışıq. Tütünün qiymətinin qalxması Azərbaycan bazarında bu sahə ilə məşğul olan şəxslərin sövdələşməsidir. Bir sözlə, bu bazarın monopoliyada olması qiymət artımının əsas səbəblərindəndir”.

Bununla belə AİB sədri hesab edir ki, düzgün siyasət aparılsa, tütün məmulatlarının qiymətinin artırılması siqaret çəkənlərin sayının azalması ilə nəticələnə bilər. Amma indiki halda qiymətlərin qalxması siqaret çəkən insanların cibinə mənfi təsir göstərəcək. Bu da əhalinin sosial durumu ilə adekvat deyil.

Tütün məmulatları və spirtli içkilərə qarşı mübarizə zamanı qızıl qaydaları tapmağın çox çətin olduğunu vurğulayan ekspertin qənaətincə, ölkədə siqaret çəkməyə qarşı mübarizə tədbirləri gücləndirilməlidir: "Xüsusilə də ictimai yerlərdə, yaşayış obyektlərində və sair məkanlarda siqaret çəkmənin qadağan edilməsi istiqamətində aparılan müzakirələrdə əsas məqsəd isə

əhalinin sağlamlığının qorunmasına yönəldilməlidir. Siqaret çəkməni və spirtli içkilərdən istifadəni azaltmaq üçün qiymət artımından bir çox ölkələrdə istifadə edilir. Hətta bəzi ölkələrdə onlara qarşı mübarizəni gücləndirmək və siqaret çəkənlərin və çəkilən siqaretlərin sayını azaltmaq üçün xammalın qiyməti də artırılır. Amma xammal çatışmazlığı və onun qiymətinin baha olması ucbatından siqaret və tütün məmulatlarının qiymətlərinin artırılması bazar iqtisadiyyatı qanunlarına uyğun gəlmir. Yəni sözügedən bazar iqtisadiyyatı qanunlarına əsasən, adətən hər hansı bir məhsulun və ya malın qiyməti o zaman artırılır ki, ya həmin məhsullar və ya mallar çatışmır, ya da onların ölkəyə idxalı yox dərəcəsindədir. Ancaq Azərbaycanda siqaret kifayət qədər olduğu üçün xammal çatışmazlığı, yaxud xammalın qiymətinin bahalığı ucbatından siqaretlərin və tütün məmulatlarının qiymətlərini artırmağa ehtiyac yoxdur. Çünki Azərbaycanda siqaret və tütün məmulatları inhisarçılıqdadır. Ona görə də siqaretlərin bahalaşması bu inhisarçıların əlindədir. Onlar siqareti neçəyə alıb, neçəyə satacaqlarını özləri müəyyənləşdirir. Azərbaycanda siqaretə tətbiq olunan aksiz vergisi, dünya bazarı ilə müqayisədə daha azdır. Verginin aşağı olmasına baxmayaraq, Azərbaycanda zaman-zaman siqaretin qiyməti qaldırılır. Bu baxımdan siqaret çəkən insanların gündəlik xərcləri arzuolunan deyil. Dünya bazarında siqaretin qiyməti dəyişməyib, eləcə də siqaret istehsalında xərclərdə heç bir dəyişiklik olmayıb. Deməli, siqaretin bahalaşması üçün iqtisadi zəmin yoxdur. Bu tendensiya birmənalı şəkildə siqaret istehsal edən və ya idxalı ilə məşğul olan şirkətlərin gəlirlərinin artmasına hesablanıb”.

Siqaretdən və spirtli içkilərdən istifadənin qarşısının alınması üçün hansı işlərin görülməsinə gəldikdə isə ekspert bir daha əsasən maarifəndirmə işlərinin aparılmasının vacib olduğunu vurğulayıb: "Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasında qeyd olunur ki, siqaretlərin üzərində "Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazısı 6 aydan bir dəyişdirilməlidir. Çünki insanların gözü eyni yazıya öyrənib və ona görə də əhəmiyyət vermirlər. Hansı şriftlə yazılmalıdır, necə yazılmalıdır, hansı sözlər işlənməlidir, Azərbaycanda buna əməl olunmur. Vəziyyətin yaxşılaşdırılması üçün qəbul edilmiş qanunlar və çərçivə konvensiyasının tələblərinin yerinə yetirilməsi kifayət edər və vəziyyət nisbətən dəyişir. Təəssüf ki, bu istiqamətdə işlər getmir. O cümlədən də, spirtli içkilərdən istifadə ilə bağlı vəziyyət eyni cürdür”.

Şəymən