Gözlənilən idi...

Rusiya, Azərbaycan və Qazaxıstan gəmilərini Xəzərə çıxaracaq




"Azərbaycan, Rusiya və Qazaxıstan Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək”. Bu barədə Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib. Onun sözlərinə görə, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində baş tutacaq:

"Hətta ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri gerçəkləşəcək. Rusiya tərəfindən təlimlərdə "Buyan” və "Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir”. Şübhəsiz ki, ölkəmizin Avrasiya İqtisadi Birliyin sədri və üzvü olan dövlətlə bir araya gəlib, təlim keçirməsi cəmiyyətdə ciddi maraq doğurub. Bu səbəbdən məsələ müəyyən iddialara yol açıb. Kimi bunu dəniz qüvvələrinin döyüş qabiliyyətinin gücləndirilməsi adlandırır, kimi isə Azərbaycan-Rusiya münasibətlərinin yaxınlaşdırılması fonunda ölkəmizin Avrasiya İqtisadi Birliyinə (AİB) cəlb olunması ilə izah edir.

Üçtərəfli təlimin pərdəarxası məqamlarını şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu "Şərq”ə deyib ki, təlimlər Moskva ilə Bakı arasındakı təmasların yaxınlaşmasına xidmət göstərir. Ekspertin qənaətincə, son vaxtlar Azərbaycanın xarici siyasət kursunda Rusiyaya meyillilik duyulmağa başlayıb: "Təlimlər də onun əlamətlərindən biridir. Əks halda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan ölkələrlə Azərbaycanın birgə təlim keçirməsi təəccüblü görünür. Hesab edirəm ki, Azərbaycanın Rusiyaya yaxınlaşmasının əlamətidir. İstiləşmənin hədəflərindən biri də ölkəmizin AİB-ə üzvlüyüdür”.

Müdafiə Nazirliyindən verilən məlumata görə isə təlim axtarış, xilasetmə, qaçaqmalçılıq halları ilə mübarizə fəaliyyətlərinin icrası və digər humanitar məsələlər üzrə tapşırıqların yerinə yetirilməsi məqsədi daşıyır: "Gözlənilən idi. Öncədən planlaşdırılmışdı. 2014-cü il sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammitində Azərbaycan və Rusiya prezidentləri arasında bu istiqamətdə razılıq əldə olunub. Üstəgəl, 2014-cü ilin oktyabr ayında Bakıda hər iki ölkənin müdafiə nazirlərinin imzaladıqları 2015-ci il üçün Əməkdaşlıq Planına əsasən hərbi gəmilərimizin Xəzər dənizində keçiriləcəyi planlaşdırılan təlimlərdə iştirakı gözlənilirdi”.

Ayyət Əhməd