Ukrayna gündəmdə, Qarabağ arxa planda...

Belə görünür ki, ATƏT 2015-ci ildə də münaqişənin həllinə nail ola bilməyəcək



Serbiya ATƏT-ə bir illik sədrliyi rəsmən İsveçrədən qəbul edib. Ölkənin xarici işlər naziri İviç Daçiçin açıqlamasına görə, təşkilatın ilk tədbiri yanvarın 15-nə təyin edilən iclası olacaq. XİN başçısı ölkəsinin təşkilata sədrliyi dönəmində əsas prioritet məsələnin Ukrayna böhranı olacağını söyləyib.

Nazir əlavə edib ki, bu, Serbiya üçün özünü "məsuliyyətli ölkə” qismində göstərməsi üçün böyük şansdır. Daçiçin açıqlamasını şərh edən siyasi ekspertlərin rəy və proqnozlarından belə qənaət hasil olur ki, ATƏT 2015-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllini arxa plana atacaq. Deməli, yenə də beynəlxalq güclərin Qarabağla bağlı planları mövcud status-kvonu qoruyub saxlamaq və hərbi əməliyyatların qızışmasını əngəlləməkdən ibarət olacaq. Yəni

situasiyanı dəyişmək vəzifəsi Bakının üzərinə düşəcək. Serbiya XİN rəhbərinin sözlərinə münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə "Şərq”ə verdiyi açıqlamada deyib ki, ATƏT-in gündəliyində duran ən vacib məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır: "Təşkilatın yarandığı ilk gündən etibarən bu məsələ qurumun gündəliyində yer alır. Bu baxımdan ATƏT sözügedən problemin həllinə öncəlik verməlidir. Yəni fəaliyyətdə olan sədrlik statusundan asılı olmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli hər zaman ATƏT-in fəaliyyət proqramında vacib və prioritet məsələ kimi durmalıdır”. Politoloq Rasim Ağayev isə bildirib ki, Dağlıq Qarabağ probleminin həlli ATƏT-in gündəliyində nəinki ikinci, heç dördüncü yerdə də deyil: "Bu qurumun problem həll etmək niyyəti olsaydı, indiyə kimi bunu edərdi. Amma istəmirlər. Çünki gözəl başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsinin arxasında hansı güclər dayanır. Ona görə də bu istiqamətdə hansısa addımlar atmağa ehtiyac duymurlar. Yəni faydasız olacağını bəri başdan bilirlər. Təşkilat sadəcə başını qatmaqla məşğuldur”. R.Ağayev Ukrayna məsələsinin ön plana çəkilməsini də şərh edib: "Serbiya slavyan ölkəsidir. Yəni ideoloji baxımdan Ukrayna və Serbiya bir-birinə yaxındır. Daçiç düşünür ki, Ukrayna gələcəkdə Avropa Birliyinin və NATO-nun üzvü olarsa, bu, serblər üçün avantaj ola bilər. Həmçinin, xatırlayırsızsa, Putin ötən çıxışlarından birində Serbiyanın müstəqil ölkə olmadığını və idarə olunduğunu demişdi. Bu səbəbdən Serbiya ATƏT-ə bir illik sədrlik etməsini və Ukrayna məsələsini şans kimi qiymətləndirərək özünə Qərb yolunu açmağa çalışır”.

İsmayıl