Ağ Ev Qarabağ məsələsində passivlik göstərir

ABŞ həmsədr ölkə kimi üzərinə düşən işlərlə daha fəal məşğul olmalıdır. Lakin məşğul olmur


ABŞ Konqresinin nəşri olan "The Hill” qəzetində Dağlıq Qarabağ münaqişəsi haqda maraqlı məqalə dərc olunub. Yazının müəllifi Raul Kontreras Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunaraq xatırladıb ki, 23 üç il əvvəl Rusiyadan dəstək alan Ermənistan ordusu Azərbaycana hücum edərək ölkənin xeyli ərazisini işğal edib:

"Ermənistan 1 milyona yaxın azərbaycanlını öz yurd-yuvasından qovub”. Qəzet yazır ki, rəsmi Vaşinqton Cənubi Qafqazda və Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya verib. Moskva isə öz növbəsində Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istəyir. Məqalədə o da bəyan olunur ki, Azərbaycan İsrailə qurduğu dostluq münasibətlərinə bənzər şəkildə ABŞ-la da dost olmaq istəyir. Lakin hər cür məntiqə zidd olaraq Obama Administrasiyası İsrailin dostu ilə işbirliyindən uzaq durmağa üstünlük verir. Doğrudan da, son zamanlar Amerikanın Dağlıq Qarabağ münaqişəsinə laqeyd və ögey yanaşması onun bu məsələdə vasitəçilik imkanlarını məhdudlaşdırıb. Ağ Ev qafqazlarla bağlı proseslərə əl qatmaqdan imtina etmiş kimi görünür. Bölgədə müşahidə olunan problemlər barədə səsləndirdikləri bəyanatlar və göstərdikləri təpkilər özünü doğrultmur. Bir sözlə, Obama Administrasiyasının sözü kəsərini itirib. Bu səbəbdən də dünya mətbuatı münaqişədə vasitəçiliyin məhz Kremlin əlinə keçdiyini yazır.

Qəzetin iddialarını dəyərləndirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Asim Mollazadə "Şərq”ə bildirib ki, amerikalı və fransalı həmsədr münaqişənin həlli barədə ciddi qərarlar qəbul edə bilmirlər. Buna rəğmən rusiyalı həmsədr daha fəaldır: "Ən azı bu görüntünü yaradır. Azərbaycanın istəyi odur ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı verdiyi qətnamələr ön plana çəkilsin. Münaqişənin həlli istiqamətində ciddi addımlar atılsın. ABŞ həmsədr ölkə kimi üzərinə düşən işlərlə daha fəal məşğul olmalıdır. Lakin məşğul olmur. ABŞ-a qarşı başlanan tənqidlər də bundan qaynaqlanır”.

"Rusiya Azərbaycanı Avrasiya İttifaqının bir hissəsinə çevirmək istəyir” fikirlərinə gəlincə isə millət vəkili söyləyib ki, Azərbaycan müstəqil siyasət həyata keçirir: "Sadəcə, keçmiş sovet ittifaqını bərpa etmək istəyən qüvvələr çox güclüdür. Ukrayna hadisələrindən sonra bölgədə vəziyyət daha da gərginləşib. Problemlərin həllinə dair ciddi addımlar atılmalıdır. Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimləyərək Cənubi Qafqazı sülh və əminamanlıq bölgəsinə çevirməlidir. Belə olan halda bölgəyə hansısa hərbi birliklərin müdaxiləsi mümkün olmayacaq”.

Ayyət Əhməd