Partiyalar parlament seçkilərinə hazırlaşır

Hətta namizədlərin irəli sürüləcəyi dairələr də müəyyənləşdirilib



Bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri baş tutacaq. Adətən, sözügedən marafona qatılan siyasi təşkilatlar bir il öncədən hazırlıq işlərinə başlayırlar. Seçkidə iştirak edəcək namizədlər və onların namizədliklərinin hansı seçki dairəsindən irəli sürülməsi istiqamətində toplantılar çağırırlar. Yerlərdəki təşkilatlar və seçicilərlə görüşlər keçirilir.

Bir sözlə, bələdiyyə seçkilərindən fərqli olaraq bu seçkilərdə siyasi qurumların aktivliyi özünü daha qabarıq şəkildə büruzə verir. Maraqlıdır, görəsən, siyasi partiyalar builki parlament seçkilərində də fəallıq nümayiş etdirəcəklərmi və marafona dair hazırlıqlara start veriblərmi? Hansı işlər görülür? Seçkiyə qatılacaqlarını deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə bildirib ki, bu istiqamətdə müəyyən müzakirələr açıblar və qanunvericilik sahəsində həyata keçiriləcək dəyişikliklər haqda mövqelərini müəyyənləşdiriblər: "Seçkiyə gedəcəyimiz tərkib və namizədliyimizi irəli sürəcəyimiz dairələr barədə fikir mübadiləsi apardıq. Təbii ki, bu məqsədlə iş planı hazırlayıb, fəaliyyətimizi həmin plan üzrə quracağıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Oruclu söyləyib ki, təmsil olunduğu qurum hazırlıqlara başlamayıb: "Çünki hələ vaxt var. Təşkilatımızın üstün cəhətlərindən biri də odur ki, yerli strukturları mövcuddur. Bu baxımdan da partiyanı qısa müddətdə hazır vəziyyətə gətirmək mümkündür”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu diqqətə çatdırıb ki, hazırlıqlara start veriblər: "Təşkilatımız seçkidə iştirakın tərəfdarıdır. Bu marafona da qatılmaq niyyətimiz var. İndiki məqamda namizədlərimizi və onların hansı seçki dairələrindən irəli sürülməsini aydınlaşdıracağıq”.

Seçkilərə partiya şəklində qatılacaqlarını vurğulayan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının üzvü Samir Əsədli bildirib ki, seçki hazırlıqlarına başlanıb və hətta bu barədə yerli strukturlara da tapşırıqlar verilib: "Bu istiqamətdə işlər gedir. Namizədlərimizin təmsil olunacaqları seçki dairələri barədə müzakirələr aparılır. Bunlar ilkin mərhələdir. Sentyabrdan başlayaraq namizədlərin adları açıqlanacaq”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı qeyd edib ki, seçki hazırlıqlarına start verilib: "Təşkilatımız marafona çox ciddi şəkildə qatılacaq. Bu seçkilərdən gözləntilərimiz çoxdur. Artıq seçkiyə bir ildən də az vaxt qalıb, indiki mərhələdə parlament seçkilərinə tək və ya hansısa blokla getməyimizi söyləmək tezdir. Xatırladım ki, son parlament seçkilərində BAXCP 4 partiyanın birləşdiyi "İslahatçı” seçki bloku ilə qatılmışdı”.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxanın sözlərinə görə, rəhbərlik etdiyi partiya indidən parlament seçkilərinə hazırlaşır: "Parlament seçkilərinə daxili təşkilatlanma formasında hazırlaşırıq. Sorğu aparırıq ki, kim hansı dairədən namizəd kimi iştirak etmək istəyir”. Onun fikrincə, nəzəri baxımdan seçkilərə blok formasında qatılmaq mümkündür: "Seçkilərə 1 il müddət qalıb, bu barədə dəqiq bir söz demək çətindir”.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa deyib ki, Azərbaycanda keçilən bütün seçkilərdə həmişə aktiv iştirak ediblər: "Parlament seçkilərində də qanun çərçivəsində iştirak edəcəyik. Proporsional seçki sistemi bərpa olunacaqsa, seçkilərə partiya siyahısı ilə gedəcəyik. Əgər bu baş verməsə, seçkilərdə fərdi namizədlərimizlə iştirak edəcəyik”.

Ayyət Əhməd