Türk aktrisa çox pis zarafat edib

Demək ki, Türkiyədə də bilirlər ki, Azərbaycanda saxta diplom almaq mümkündür



Azərbaycan təhsilinin durumu qonşu ölkələrdə də dilə-dişə düşüb. Gör nə gündəyik ki, Türkiyənin tanınmış kino aktrisası Müjdə Ar Bakıdan saxta diplom alacağını bəyan edir. Buna əhəmiyyət verməyib, zarafatyana deyilmiş söz də hesab etmək olardı. Əlbəttə, əgər, zarafatda həqiqət gizlənməmiş olsaydı. Amma nə yazıq ki, saxta diplomlar problemi aşikar həqiqətdir.

Gizlənməyə də heç ehtiyacı yoxdur. Çünki bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrindən başlamış, taki təhsil nazirinə qədər hər kəs səmimi qəlbdən etiraf edir. Faktlar da ortadadır. Ancaq bütün bunlarla yanaşı, Türkiyənin bol tirajlı bir qəzetinə müsahibə verən məşhur aktrisanın saxta diplom almaq üçün məhz Azərbaycanı seçməsi, bizcə, təhsilimiz adına utancvericidir. Demək ki, buralarda saxta diplomlar almağın asan olduğunu oralarda da bilirlər. Bu, çox pis bir zarafata bənzəyir.

Qeyd edək ki, türkiyəli aktrisanın məlum açıqlamasına reaksiyalar özünü çox da gözlətməyib. Aktrisanı qınayanlar da olub, ona bəraət qazandıranlar da. Millət vəkili Fazil Mustafa isə "Hürriyyət” qəzetinə müsahibəsində saxta diplom dönəminin arxada qaldığını, son vaxtlar saxta diplomun verilməsi hallarına rast gəlmədiyini vurğulayıb:

- Mən türk aktrisasının bunu nə məqsədlə dediyini bilmirəm. Amma hazırda Azərbaycanda saxta diplomun verilməsi məsələsi mən bildiyim qədər yığışdırılıb. Əvvəllər bu, var idi. Müxtəlif universitetlər yaradılır və saxta diplomlar verilirdi. Təhsilin səviyyəsində müəyyən problemlər var. Amma saxta diplomun verilməsi ilə bağlı son vaxtlar heç nə eşitməmişəm.

Təhsil eksperti Nadir İsrafilov da "Şərq”ə açıqlamasında saxta diplomlar probleminin həllini tapmamasından narahatlığını gizlətmədi:

- Bu məsələ hələ sabiq təhsil naziri Misir Mərdanovun zamanında gündəmə gəldi. O vaxt TQDK sədri Məleykə Abbaszadə saxta diplom alanların sayını 2000 göstərirdi. Bu rəqəm aşağı-yuxarı dəyişir. Biri 2000 deyir, biri 1500-1600. Təhsil naziri Mikayıl Cabbarov da ötən il bu problemə toxunmuşdu və saxta diplomlu minlərlə müəllim olduğunu demişdi. Yəni, bu bir faktdır ki, saxta diplomlar problemi mövcuddur, amma bu problem həllini tapmır. Birincisi, müəyyənləşməlidir ki, saxta diplom deyiləndə konkret nə nəzərdə tutulur. Diplomun saxtalığı nədədir? Onun möhüründədirmi, imzadadırmı? Yoxsa, diplom verilənlə bağlıdırmı? Bu bilinməlidir. Bilirsiz, məsələni çətinləşdirən bir sıra məqamlar var. TQDK belə hesab edir ki, onun bazasında imtahanlarda iştirak etməmiş abituriyentlərə verilən diplomlar saxtadır. Amma nə qədər tələbə var ki, köçürmə yolu ilə Azərbaycandakı ali məktəblərdə təhsilini davam etdirib. Köçürmə qeyri-qanunidirsə, buna niyə imkan verilir? Tələbə köçürmələri birbaşa rektorların imzası ilə gerçəkləşir. Misal üçün deyək ki, BDU-nun hüquq fakültəsinə 100 tələbə qəbul olunursa, buraxılışda 120 tələbə olur. Bu da köçürmələr hesabına baş verir. İndi biz bu tələbələri saxta diplomlu hesab etməliyik?! Mahaçqalada, Dərbənddə ali məktəbə daxil olub, sonra Bakıya "perevod” alan tələbələr var. Onlar da "saxtadır”?! Digər tərəfdən, Təhsil Nazirliyi ilə yanaşı, xaricə təhsil almağa tələbə göndərən bir sıra qurumlar var. Tələbələr gedib oxuyur, qayıdır. Nə qədər belə təşkilatlar, diplomatik korpuslar var ki, xaricdə təhsil təşkil edirlər. Bəzən "Kembric” Universitetini bitirib gələnin diplomu burda tanınmır. Gülüncdür. Yəni, biz əvvəlcə aydınlaşdırmalıyıq ki, saxta diplom deyəndə nə nəzərdə tutulur. Onda bu problemi həll etmək mümkün olacaq. Saxta diplomlara ən çox ali məktəblərin filiallarında rast gəlinir. Müəllimlər İnstitutunun 11 filialı var. Gəncə filialı ilə bağlı da bilirsiz ki, istintaq başlanıldı. Lənkəran bölgəsində də eyni hal olmuşdu, məhkəmə çəkişmələri getdi. Bəzi hallar da var ki, ali məktəblərin lisenziyasının ləğvi ilə əlaqəlidir. Məsələn, Moskva Açıq Universiteti, Azərbaycan Beynəlxalq Universiteti. Tələbələr ora daxil olub oxuyurdular. Sonra bu ali məktəblərin lisenziyası ləğv edildi. Tələbələr qaldı ortalıqda, diplomları da indi tanınmır. Tələbənin burda nə günahı var ki, oxuduğu ali məktəbin lisenziyası ləğv edilib, bağlanıb. Buna görə kimlər məsuliyyət daşımalıdır, qalıblar kənarda. Ən çox ziyan çəkən tələbələr, valideynlərdir. Amma bunun qarşısı alınmır. Bu dəqiqə saxta diplomlu nə qədər işçilər var. Baxmayaraq ki, diplomları saxtadır, işləyirlər. Heç kəs də onları işdən kənarlaşdırmır. Saxta diplomlar məsələsinə ciddi yanaşılmalıdır. Səbəb məlum, səbəbkar məlum. Nazirlikdəki bir şöbə müdiri müavininin məsuliyyətə cəlb edilməsiylə bu problem həllini tapa bilməz. Günahkarların hamısı cəzalanmalıdır.

Türkiyəli aktrisanın Azərbaycandan saxta diplom alacağını bəyan etməsinə gəlincə, N.İsrafilov bunun həqiqəti əks etdirdiyini bildirdi:

- Görün, saxta diplom məsələsi nə qədər populyarlaşıb ki, artıq xaricdə də bunu bilirlər və bizə istehza edirlər. Təəssüf...

Məlahət Rzayeva