Xarizmanın rolu nə birinci, nə də sonuncudur

“Azərbaycanda solçular var, hətta sayları çoxdur, amma sol hərəkat yoxdur”




Dövlətin siyasi müstəvisində partiyaların fəaliyyəti önəmli rola malikdir. Hər bir siyasi partiya öz ideoloji xəttini müəyyənləşdirməklə müəyyən təsiredici gücə sahib olur. Məsələn, qonşu Türkiyənin təcrübəsinə nəzər salsaq, bu ölkədə partiyaların öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmlərinin güclü olduğunu görərik. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycanda siyasi partiyalar ciddi ideoloji böhran yaşayır.

Ölkəmizdə bir sıra siyasi-ideoloji cərəyanlar mövcuddur. Həmin cərəyanlar zaman keçdikcə situasiyaya uyğun olaraq ya güclənir, ya da tamamilə əhəmiyyətini itirirlər. Günbəgün öz əhəmiyyitini itirən siyasi cərəyanlardan biri solçuluqdur. Sovet dövründə hakim cərəyan olan solçuluğa indi demək olar ki, inam yoxdur. Düzdür, Azərbaycanda bir sıra solçu partiyalar var. Lakin bu partiyaların üzvlərinin sayına və seçkilərdə yığdıqları səslərə diqqət yetirsək, solçuluq cərəyanının Azərbaycanda artıq tarixə çevrildiyini söyləmək olar. Bəzi siyasilər hesab edir ki, postsovet ölkələrində sol ideologiyanın daşıyıcılarının az olmasının əsas səbəbi kommunist ideologiyasının iflasa uğraması və onun əvəzində sağ ideologiyanın daha üstün mövqeyə malik olması ilə bağlıdır. Məlumdur ki, siyasi ideologiyaların yayılması üçün hər şeydən əvvəl bu ideologiyaların daşıyıcıları olmalıdır. Görünür, müstəqil Azərbaycanda sağ ideologiya, xüsusilə də onun millətçi qolu solçulara nisbətdə çox daha cəlbedicidir.
  Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin sözlərinə görə, Azərbaycanda solçu adını daşımağa layiq yeganə siyasi təşkilat ASDP-dir:
"Başqa real sol partiya yoxdur. Bir neçəsi var, onlar da bir qovluqdan, bir də sədrdən ibarətdir. "Solçuyam” deyib ortaya çıxanların bir neçəsi bizim partiyadan qovulmuş adamlardır. Yəni bizim ölkədə əməkdaşlıq edə biləcəyimiz sol yönümlü partiya yoxdur. Sol adı ilə çıxış edən partiyalar özləri də bilmirlər ki, hansı siyasi xəttə qulluq edirlər. Onlar sol yönümlü qüvvə kimi qəbul oluna bilməz. Bizim də, onların da fəaliyyətini hamı yaxşı görür. ASDP-nin yeganə sol qüvvə olması bizim üçün problem yaratmır. Düzdü, mən öz fəaliyyətimizdən narazıyam. Çünki biz çox iş görə bilərdik, amma görə bilməmişik”.

Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov da ölkəmizdə solçuluq ideyalarının zəif olması ilə bağlı səslənən fikirlərlə razılaşmayıb:
 "Azərbaycanda solçuluq bərbad halda deyil. Təkcə Azərbaycanda deyil, bütün dünyada solçuların prosesi gedir. Artıq sağçıların apardığı siyasətin nəticə verməyəcəyi cəmiyyətdə şübhə doğurmur. Gələcəkdə solçuluğun gücünü hər kəs görəcək. Hazırda AKP öz işini uğurla davam etdirir. Ola bilsin ki, fəaliyyətimizi müəyyən səbəblər ucbatından tam aydın cəmiyyətə göstərə bilmərik. Amma Azərbaycan xalqı kökündən solçudur. Bu baxımdan hesab etmirəm ki, Azərbaycanda solçuluq məhvə doğru gedir. Zəif olmağımızın bəzi obyektiv və subyektiv tərəfləri var. AKP iş adamları tərəfindən maliyyələşmir. Üzvlərimiz sadə adamlardır. Çətinliklə çörək pulu qazanırlar. Parlamentdə olmadığımıza görə, büdcədən maliyyələşə bilmirik”.
Demokratik Sol Partiyasının (DSP) sədri Elşən Manafov isə deyib ki, sağçı və mərkəzçi müxalifətdən fərqli olaraq, solçuların problemləri daha ciddidir:
"Sağçılardan fərqli olaraq, solçuların düşərgəsində birləşmə səyləri müşahidə olunmur. Amma demək olmaz ki, solçuların elektoral bazası sağçılarla müqayisədə zəifdir. Sadəcə, maliyyə resursları baxımından fərq özünü göstərir. Solçuların qəzetləri, saytları olmadığından ictimai rəyə təsir imkanları məhduddur. Bundan başqa, unutmayaq ki, sağçı müxalifət Qərbdəki strukturlar, Azərbaycanla bağlı konkret maraqlı olan təşkilatlarla bağlıdır. Bizim isə belə sponsorlarımız yoxdur”. E.Manafov Azərbaycandakı solçuların dağınıq olduğunu etiraf edib: "Biz də daxil olmaqla, ölkədəki bütün solçu partiyalar siyasi birlik, qrup və ya klub formatında fəaliyyət göstərir. Üstəlik, solçu partiyaların liderləri arasında ambisiyalar var. Sol müxalifətdəki partiyaların arasında solçuluğa və ümumiyyətlə, sol ideyalara münasibət də birmənalı deyil. Solçuların mediaya az dəvət olunması da problemdir. Kabinetlərdə oturub müxalifətçilik etməklə iş bitməz. Təəssüf olsun ki, bu mənada nə sağ, nə də sol müxalifət ortaya real konsepsiya qoymur. Ölkədəki müxalifət hakimiyyəti tənqid etməklə məşğul olur. Halbuki müxalifət problemlərin alternativ həll yollarını göstərməli, konkret konsepsiyalarla çıxış etməlidir. Bunu edən müxalifətçi funksioner isə gözə dəymir”. 
Solçuların durumunu şərh edən sol baxışlı yazar-jurnalist Məmməd Süleymanov bildirib ki, Azərbaycandakı solçular ideoloji xəttlərini bilmirlər
"Bir çoxları özlərini siyasətçi adlandırır. Hərəsi bir təşkilat yaradıb, çoxu da bir-iki nəfərdən ibarətdir. Amma bir-birlərindən fərqləri yoxdur. Onların fikirləri və partiyalarının formatları klassik mənada sol partiya qəliblərinə uyğun gəlmir”. M.Süleymanov sol partiyaların hansı səbəbdən zəif olması məsələsinə də aydınlıq gətirib: "Birinci səbəb təşkilatlanmanın olmaması ilə bağlıdır. Ənənəvi müxalifət 1990-cı illərdə təşkilati forma aldı və özünü siyasətdə elan etdi. Amma solçuluqla məşğul olan olmadı. Sovet İttifaqının dağılması isə böyük pessimizm yaratdı. Üstəlik, böyük təbliğat aparıldı və bu, effekt verdi. İndi sol düşüncəli adamlar yavaş-yavaş bir yerə yığılırlar. Azərbaycanda solçular var, hətta sayları çoxdur, amma sol hərəkat yoxdur. Çünki sol təşkilat yoxdur. Böyük və güclü təşkilatın olmaması belə görüntü yaradır ki, bizdə sol düşüncəli insanlar yoxdur. Amma mən bunun əksini düşünürəm”. Solçu jurnalist sol partiyalarda xarizmatik liderlərin olmaması fikri ilə razı deyil: "Deməzdim ki, sola xarizmatik lider lazımdır. Xarizmanın rolu nə birincidir, nə də sonuncudur. İslamçılar, liberallar və millətçilərin də xarizmatik liderləri yoxdur. Sadəcə olaraq sol ideologiya geniş yayılmayıb, təbliğat zəifdir. Həm də klassik solçuluğun mahiyyətində xarizmatik lider anlayışı yoxdur”.

İsmayıl