“8 min manat heç də az deyil”

Elçin Mirzəbəyli: “Partiyaların problemi çoxalıb”
Cümşüd Nuriyev: “Dünyanın heç bir yerində partiyalar dövlətdən yardım tələb etmirlər”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev parlament partiyalarına ayrılan vəsaitin normal fəaliyyətə imkan vermədiyini deyib. Partiya sədri 2017-ci ildə maliyyə azlığı səbəbindən rəhbərlik etdiyi MDHP-nin fəaliyyətində tənəzzül olacağını, yerli təşkilatlarla işləmək imkanlarının məhdudlaşacağını bildirib:

"2017-ci büdcə ili üçün seçkilər nəticəsində Milli Məclisdə yer tutan siyasi partiyalara ayrılan vəsaitin həcmində hər hansı bir dəyişiklik yoxdur. Ölkədə qiymətlər bahalaşsa da, partiyalara ayrılan vəsaitlər əvvəlki kimi qalıb. Əvvəlki illərdə bu məsələ ilə bağlı parlamentdə fikir mübadiləsi aparmışdıq. Bildirmişdik ki, bütün hallarda parlamentdə təmsil olunan partiyalara ayrılan vəsaitlər çox azdır. Dövlət büdcəsindən partiyamıza ayda cəmi 8 min manat həcmində vəsait düşür. Bu da bütün partiya xərclərinə bəs etmir. Sadəcə olaraq, mərkəzi qərargahın saxlanılmasına xərclənir. Seçkilər, tədbirlər və digər məsələlərə isə bu vəsait yetmir”. F.Quliyev bildirib ki, büdcə müzakirələri zamanı vəziyyəti nəzərə alaraq bu məsələni qaldırmadıq: "Ölkədə çətinliklər var, müəyyən ixtisarlar gedir və bu məsələdə necə deyərlər "kəmərləri bir qədər sıxmaq” lazımdır. Amma partiyalara ayrılan vəsaitlərin artırılmaması bizə daha pis təsir edəcək”. 

MDHP sədrinin qaldırdığı məsələyə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Şərq”ə açıqlamasında deyib ki, maliyyə çətinlikləri bütün sahələrdə olduğu kimi partiyaların fəaliyyətinə də mənfi təsir göstərir: 

"Partiyalara ayrılan məbləğ onsuz da böyük rəqəm deyildi. Ayrılan vəsait siyasi təşkilatların mərkəzi strukturlarının müəyyən qədər saxlanılmasına və qərargahla bağlı problemlərin qismən həll olunmasına şərait yaradırdı. Amma artıq vəziyyət tamamilə fərqlidir. Partiyaların problemi çoxalıb”. E.Mirzəbəyli bildirib ki, çoxpartiyalı sistem Azərbaycanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Partiyalar siyasi kadr bazası rolunu oynayır: "Təşkilatlarda gələcəyin siyasətçiləri formalaşır və yetişir. Bu baxımdan partiyaların inkişafına hərtərəfli dəstək verilməsi vacib şərtlərdən biridir. Dünyanın bir çox ölkələrində siyasi partiyalara yanaşmalar fərqlidir. Elə ölkələr var ki, orada partiyaların üzvülük haqqı yığması belə qadağan olunub. Məsələn, Fransada siyasi partiyalar yalnız dövlət hesabına fəaliyyət göstərir. Türkiyədə parlamentdə təmsil olunan partiyalara kifayət qədər böyük məbləğdə vəsait ayrılır. Çoxpartiyalı sistemin inkişafı baxımından bu məsələ zəruridir. Təbii ki, reallıqları yaxşı başa düşürük. Biz də vətəndaşlarımız kimi ümumi problemlərdən çıxış yolu axtarırıq. Hesab edirəm ki,

Azərbaycanda keçirilən islahatlar intensivləşdikcə, partiyaların da cəmiyyətdə rolu artacaq. O zaman dövlət partiyalara daha çox dəstək verəcək”. Məsələ ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev isə deyib ki, dövlət tərəfindən partiyalara ayrılan vəsait heç də az deyil. Ekspertin fikrincə, dünyanın heç bir yerində siyasi təşkilatlar dövlətdən maddi yardım tələb etmirlər: 

"Partiyanın vahid ideologiyası ətrafına toplaşan insanlar o ideologiyaya xidmət göstərməli və partiya liderinin xarizmasına uyğun olaraq fəaliyyətlərini qurmalıdırlar. Azərbaycanda partiyalara dövlət tərəfindən müəyyən vəsaitin ayrılması prosesi məni qane edir. Dövlətdən vəsait alan partiya sədrlərinin gözləri xarici dövlətlərin cibində olmur və müəyyən dairələrin əmrlərini yerinə yetirmirlər. Mənim Fərəc Quliyevə şəxsi hörmətim var. Amma dövlət öz imkanları çərçivəsində maddi yardım ayırır. Ayda 8 min manat heç də az pul deyil. Nəzərə alsaq ki, parlamentdə 10 müxalifət partiya təmsil olunur, deməli, onların aylıq fəaliyyətinə büdcədən 80 min manat vəsait sərf edilir. Dövlət partiyalara subsidiya verməklə bir növ onlara sosial yardım göstərmiş olur. Sosial yardımın artırılmasını tələb etmək ancaq Azərbaycanda mümkündür. Dünyanın heç bir yerində partiyalar dövlətdən yardım tələb etmirlər. Əslində siyasi təşkilatlar dövlətə minnətdar olmalıdır ki, dövlət onlara müəyyən vəsait ayırmaqla ən azından qurumları dağılmaqdan qoruyur, xaricə möhtac olmaqdan xilas edir. Məncə, partiyaların təşəkkül tapmasında ayrılan vəsaitin önəmi böyükdür. Qalan bütün işləri partiyalar özləri etməlidir”. C.Nuriyev ölkədəki müxalif partiyaların fəaliyyətinə də toxunub: "Ədliyyə Nazirliyində 50-yə qədər partiya qeydiyyatdan keçib. Nazirlik partiyaların üzvlərinin sayı ilə bağlı nə vaxt audit aparıb? Elə partiya var ki, bir sədrdən, bir də sədrin qoltuğundakı qovluqdan ibarətdir. Parlamentdə təmsil olunan partiyalar normal müxalifət etmir, konstruktiv mövqe ortaya qoymurlar. Həmin partiyalarda təmsil olunan sıravi üzvlər belə təşkilat sədrlərinin Milli Məclisdəki fəaliyyətindən narazıdır”.

İsmayıl