844 dərman ölkəyə icazəsiz gətirilib

Ona görə onların dövriyyəsinə qadağa qoyulub
“Eyni adda olan dərmanların digər seriyaları isə açıq şəkildə satışda var”


Azərbaycanda 800-dən çox dərmanın dövriyyəsi qadağan edilib. Səhiyyə Nazirliyinin qərarına əsasən müxtəlif adda olan 844 seriya nömrəli dərmanlar daha tibbdə istifadə olunmayacaq. Dövriyyəsi qadağan edilən dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə kifayət qədər tanış olan dərmanlar da var.

Bu baxımdan qadağan olunan dərmanlar arasında əhalinin daha çox istifadə etdiyi preparatların olması ciddi narazılığa səbəb olub. Müxtəlif ağrıkəsicilər, hərarət salan preparatlar, hətta yod və spirt kimi məhsulların qadağan olunması görəsən, nəyə xidmət edir? Bu dərmanların alternativi varmı? Ən əsası, bu qadağanın mahiyyəti nədən ibarətdir?

Əhalinin çaşbaş qaldığı suallara aydınlıq gətirən tibb eksperti Rasif Bağırov hesab edir ki, qiyməti aşağı salınan və hələlik anbarlarda olan dərman preparatlarının satışı davam edəcək. "Daha çox istifadə olunan dərmanların satışına qadağa qoyulmasının hansı prinsiplə edildiyi aydın deyil. İnsanların həyatında gündəlik lazım olan, temperaturu aşağı salan, ağrıkəsici dərmanlardan bütün dünyada istifadə olunur. Hər ağrıkəsici dərmandan ötrü həkimə müraciət etmək də düzgün deyil. Bu baxımdan, siyahıda olan və gündəlik vacib olan dərmanların satışının hansı kriteriyaya görə qadağan edilməsinin izahı verilməlidir. Onlar mütləq satışda olmalıdır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Ümumdünya Səhiyyə Təşkilatının reyestrinə daxil olan və dünya səhiyyəsində preparat kimi tanınan dərmanların dövriyyədən çıxarılmasının səbəblərinin cəmiyyətə açıqlanmalı olduğunu düşünür: "Çox təəssüf edirəm ki, bu dərmanların dövriyyədən çıxarılmasının səbəbləri açıqlanmayıb. Söhbət ondan getmir ki, dövriyyədən çıxarılan dərmanları nə əvəzləyir? Əsas məsələ odur ki, bu dərmanlar niyə dövriyyədən çıxarılıb? Ola bilər ki, onların arasında keyfiyyət parametrləri aşağı olan dərmanlar var. Lakin hər bir halda səbəblər ictimaiyyətə açıqlanmalıdır ki, narazılıq yaranmasın”.

Ekspertin sözlərinə görə, Avropada istehsal olunan dərmanların keyfiyyətində hansısa problem ola bilməz.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Azərbaycanda dövriyyəsi qadağan olunan dərman siyahısı ilə bağlı cəmiyyətin çaşqınlığına aydınlıq gətirib. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib ki, qadağa siyahısında söhbət dərman vasitəsinin adından yox, yalnız preparatın müxtəlif seriyasından gedir: "Çünki hər bir dərmanın müxtəlif seriya nömrəsi olur. Yəni, sırf siyahıda göstərilən dərmanın seriyasının dövriyyəsinə qadağa qoyulub. Eyni adda olan dərmanların digər seriyaları isə açıq şəkildə satışda var. Hansı dərman vasitələrinin dövlət qeydiyyatı müddəti varsa, onun satışına qadağa qoyulmayıb. Yəni, informasiya bir az düzgün şəkildə yazılmayıb.

Hər bir dərmanın üzərində onun seriya nömrəsi, istehsal və son istifadə tarixi göstərilir.

Müəyyən mərhələdə dərman vasitəsi bir seriya ilə idxala buraxılır. Növbəti mərhələdə isə həmin dərman vasitəsi eyni formada və dozada başqa seriya nömrələri ilə buraxılır. Misal olaraq, bəzən elə dərman vasitəsi olur ki, Azərbaycana idxal olunanda onun 5-6, hətta 10 seriyası olur. Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulub. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir”.

P.Əzizbəyov Səhiyyə Nazirliyinin mütəmadi şəkildə dərman bazarında yoxlama apardığını vurğulayıb: "Tədbirlər zamanı dərman vasitələrinin dövlət qeydiyyatına alınıb-alınmaması, preparatın laborator sertifikatı olub-olmaması yoxlanılır. Yoxlamanın nəticəsində hər hansı bir dərmanın dövlət qeydiyyatı aşkarlanmırsa, yaxud hansısa dərmanın müəyyən seriyası laborator müayinədən keçirilmirsə, o zaman həmin dərmanın dövriyyəsinə qadağa qoyulur”.

Onun sözlərinə görə, bütün dərman vasitələri ölkəyə idxal olunan zaman mütləq şəkildə onların seriyaları Analitik Ekspertiza Mərkəzinin Laborator tədqiqatlar şöbəsində yoxlanılır: "Onların keyfiyyəti təsdiqləndikdən sonra satışına icazə verilir”.

Şəymən