Abşeron rayonuda həyat yoldaşını çarpayıya zəncirləyən 1980-ci il təvəllüdlü Bədrəddin Məmmədovun (ad-soyad şərtidir) məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Bədrəddin məhkəmədə ifadəsində qısqanc olduğu üçün belə bir əmələ yol verdiyini bildirib.
Təqsirləndirilən şəxs ifadəsində qeyd edib ki, evə quraşdırdığı kameralara mobil telefon vasitəsilə baxarkən xanımın telefonda qrup şəklində görüntülü danışdığını görüb. O, bu zaman mağazadan dəmir zəncir və iki ədəd qıfıl alaraq evə gəlib və arvadını cəzalandırmaq qərarına gəlib.
Qadın proqram vasitəsilə tanımadığı insanlarla qrup şəklində söhbət etdiyini bildirib, Bədrəddin isə fikrindən daşınmayıb və arvadını çarpayıya zəncirləyib. 5 saat həyat yoldaşını qanunsuz olaraq azadlıqdan məhrum edən Bədrəddin yalnız iki dəfə xanımının ayaqyoluna getməsinə icazə verib.
Ailə yaxınlarının DİN-in 102 zəng xidmətinə məlumat verməsindən sonra hadisə yerinə polis əməkdaşları gəlib və yalnız bundan sonra qadın zəncirlərdən qurtula bilib. Təqsirləndirilən şəxs barəsində isə cinayət işi açılıb.
Qadın məhkəmədə ifadəsində bildirib ki, həyat yoldaşı qısqanc olduğu üçün heç kimlə danışmamasını, evdən çölə çıxmasını istəməyib. O, ərindən şikayətçi olmadığını, onunla barışdığını bildirib.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə onun barəsində amnistiya elan edilib və CM-nin 145.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.