90 yaşlı “Günəş” jurnalı...
Nəşrdə dövrün məşhur şair və yazıçıları, görkəmli elm xadimləri və rəssamları çalışıblar
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransında bir dəstə fəal məktəbli üzərinə "Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırladı. Uşaq xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının böyük rəğbəti ilə qarşılandı. Həmin nüsxələr "Pioner” jurnalının bünövrəsi oldu. Aradan bir neçə ay keçəndən sonra, 1927-ci ilin fevralında jurnal böyük tirajla çıxmağa başladı.
Jurnalın əsas məqsədi məktəbliləri xalqa, Vətənə, torpağa məhəbbət, sədaqət ruhunda tərbiyə etməkdən ibarət idi. XX əsrin əvvəllərində hökumət xalq maarifinin inkişafına çox böyük diqqət yetirirdi. Yeni məktəblər, uşaq tədris müəssisələri, savadsızlıqla mübarizə ittifaqı ilə yanaşı, dövri mətbuatda inkişaf etdirilir, yeni pedaqoji jurnallar nəşr edilməyə başlanılırdı. Məktəblilərin tərbiyəsində komsomol və pioner təşkilatları mühüm rol oynayırdı. Bununla yanaşı, gənc nəslin ideya-siyasi tərbiyəsində müstəsna əhəmiyyət kəsb edən uşaq mətbuatının yaradılması zərurəti meydana çıxdı və "Günəş” jurnalı nəşrə başladı. "Günəş” Azərbaycanda ilk peşəkar uşaq jurnalı idi. Jurnal vasitəsi ilə balaca oxucular Azərbaycanın uşaq yazıçılarının əsərləri, dünya ədəbiyyatı, ölkəmizin ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrlə tanış olurdular. Öz təsir qüvvəsi ilə uşaqların tərbiyəsində mühüm rol oynayan "Günəş” jurnalında dövrün məşhur şair və yazıçıları, görkəmli elm xadimləri və rəssamları çalışıblar. "Günəş”in nömrələrində Azərbaycanın yazıçı və şairlərindən Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, Eynulla Ağayev, Zeynal Cabbarzadə, Tofiq Mütəllibov, Hikmət Ziya, Nəriman Süleymanov, Tofiq Mahmud, Qaçay Köçərli, Rafiq Yusifoğlu, Məmməd Namaz kimi böyük maarifçi, uşaq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri dərc olunub. Uşaqların erkən yaşlarından dünyagörüşünün daha müfəssəl formalaşması üçün dünya ədəbiyyatı nümayəndələrindən M.Lermontov, L.Tolstoy, M.Qorki, A.Çexov və başqa sənətkarların əsərləri də bu jurnalda dərc edilib. Xalq şairi Xəlil Rzanın, yazıçı Sabir Əhmədovun, şair Nəriman Həsənzadənin ilk əsərləri də məhz "Günəş” jurnalında işıq üzü görüb. Tanınmış rəssamlardan Mikayıl Abdullayev, Kazım Kazımzadə, Oqtay Sadıqzadə, Həsənağa Ağayev jurnalla əməkdaşlıq ediblər. Ədəbi-mətbu orqanın yubiley tədbirləri də həmişə böyük diqqət mərkəzində olub və yüksək səviyyədə keçirilib. 1977-ci ildə bütün respublika ictimaiyyəti jurnalın 50 illik yubileyini təntənəli surətdə qeyd edib. "Pioner” SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə məktəblilərin tərbiyəsi sahəsində səmərəli işinə görə "Şərəf nişanı” ordeni ilə təltif edilib. Yazıçı Qılman İlkin və Hüseyn Abbaszadə uzun müddət "Pioner” jurnalının redaksiyasında məsul vəzifələri icra ediblər. Nəşrin 70 illiyi ilə bağlı xatirələrində Qılman İlkin jurnaldakı fəaliyyətindən və "Pioner”in fasilələrlə çap edildiyindən bəhs edib: "Mən 1938-ci ildən həmin nəşrdə redaktor müavini vəzifəsində çalışmağa başlamışam. Böyük Vətən müharibəsi başlananadək, yəni, dörd il burda işləmişəm. Yaxşı yadımdadır, işlədiyim dövrdə jurnal binasını üç dəfə dəyişdi. Kollektivimiz cəmi iki nəfərdən ibarət idi. Bir redaktor, bir də mən. Redaktorlar, adətən, komsomolun mərkəzi komitəsinin məsul işçilərindən olurdu. Ona görə də bütün iş mənim üzərimə düşürdü. Katibliyi də, korrektorluğu da mən aparırdım. Sonralar bizə iki ədəbi işçi vəzifəsi verildi və bir müddətdən sonra ştata rəssam da əlavə olundu. Bu, təxminən 1939-1940-cı illərdə oldu. Jurnalımız aylıq ədəbi, bədii, ictimai jurnal idi. Qısa müddət ərzində Bakının ən tanınmış yazıçı və müəllimlərini ətrafımıza toplaya bildik. Redaksiyamıza əlavə olaraq bir məsləhətçi yeri verildi. Bu yerə hamımızın sevimlisi Abdulla Şaiq müəllimi götürdük. O, həftədə ancaq iki gün işə gəlirdi. Buna baxmayaraq, jurnalda işləməsi nəşrin hörmətini xeyli artırdı. Jurnalın tirajı artdı, bədii tərtibatı daha da yaxşılaşdı. Biz o zaman gənc rəssamlarımızı işə cəlb etdik. Onların sırasında Kazım Kazımzadəni və sonralar əfsanəvi qəhrəman kimi tanınan Mehdi Hüseynzadəni göstərə bilərəm. Bu iki rəssamın yaxından iştirakı ilə jurnalın tərtibatı xeyli dəyişdi”. Q.İlkin vurğulayırdı ki, jurnalda uşaqların həyatına dair müntəzəm hekayə və şeirlər dərc edilirdi: "Abdulla Şaiqin jurnalda məsləhətçi olduğunu bilən gənc şairlər jurnalın ətrafında toplaşdılar. Yadımdadır, jurnalın 1937-ci ildə görkəmli rus şairi Puşkinin ölümünün 100 illiyinə həsr edilmiş nömrəsi oxucularımız tərəfindən böyük rəğbət və sevinclə qarşılandı. Bu nömrə bədii tərtibat baxımından son dərəcə gözəl idi. Jurnalın həmin sayında Mehdi Hüseynzadənin çəkdiyi Puşkinin abidəsinin şəkli nəşrə xüsusi yaraşıq verirdi. Redaksiyamıza tez-tez gələn müəllimlər bu nömrəni xüsusilə bəyənmiş və əlavə olaraq gələcək nömrələr üçün öz məsləhətlərini vermişdilər. Mən də gənc olduğum üçün bundan ruhlanaraq həvəslə işləyirdim”.
Hüseyn Abbaszadə isə həmin günləri belə xatırlayırdı: "İlk abunə yazıldığım mətbuat orqanı "Pioner” jurnalı olub. Bu jurnalın səhifələrində Abdulla Şaiqin, Mehdi Seyidzadənin, Mikayıl Rzaquluzadənin yeni əsərlərini sevə-sevə oxumuşam. Sonra illər keçib "Pioner”də şöbə müdiri, məsul katib vəzifələrində işləmişəm.
Nəhayət, özüm bu jurnalın müəlliflərindən olmuşam. Uşaq ədəbiyyatı ilə yaxınlığım qocaman şairimiz Abdulla Şaiqlə aramızda ünsiyyət yaranmasına səbəb oldu. Mən hələ 1948-ci ildən, "Pioner” jurnalında işlədiyim vaxtdan Şaiq müəllimlə ara-sıra redaksiya heyətinin iclaslarında görüşürdüm. Axır zamanlar nasaz olduğu üçün çox vaxt "Pioner” jurnalının redaksiya heyətinin iclaslarında iştirak edə bilmirdi. Biz materialları onun mənzilinə yollayırdıq, o da oxuyub, rəyini yazırdı. Materialların arasında, xüsusilə, xoşuna gələn şeir və ya hekayə görəndə bizə zəng edər, öz təəssüratını bildirərdi. O, cavan müəlliflərə həmişə qayğı ilə yanaşırdı. Yeri düşəndə onların əsərlərini redaktə edib, redaksiyaya göndərirdi. Əsər zəif olanda rəyini elə yazırdı ki, həm müəllif yazısı haqda mötəbər fikir öyrənir, həm də tənqiddən incimirdi. H.Abbaszadə bildirib ki, yazıçılarla əlaqə saxlamaq redaksiyada ona həvalə olunmuşdu: "Nömrələrdə gedən bədii yazıları mənim şöbəm hazırlayırdı. 1949-cu ilin aprel ayının 20-si idi. Səməd Vurğunun evinə zəng edib jurnal üçün yeni şeir istədim. O dedi ki, hələ münasib yazım yoxdur. Ancaq məni nəzərdə tutun, bu günlərdə mütləq sizə şeir verəcəm. Bu söhbətdən beş gün keçmişdi, səhər təzəcə işə başlamışdıq ki, Səməd Vurğun redaksiyaya gəldi. Redaksiyamız Nizami küçəsindəki 11 nömrəli binada yerləşirdi. Böyük şairin bu gözlənilməz gəlişi hamımızı sevindirdi və onu araya aldıq. Jurnalın baş redaktoru Cəbrayıl Rzaquliyev redaksiyanın əməkdaşlarını Səməd Vurğuna təqdim etdi. O, tanıdığı və tanımadığı adamların hamısı ilə mehribanlıqla görüşdü, "vədimə xilaf çıxmamışam” dedi.
Səməd Vurğun boz rəngli kostyumunun qoltuq cibindən dörd qatlanmış vərəq çıxartdı və dedi: "Sizə iki şeir gətirmişəm. Mənə elə gəlir ki, biri uşaqlar üçün qəliz olar. Onu siz daha yaxşı bilərsiniz, hər halda, baxın, jurnalınıza hansı yarasa, götürün”. Sonra Səməd Vurğun şeirlərini oxudu. Onlardan biri "Avropa xatirələri” silsiləsinə daxil olan "Ana heykəli”, ikincisi isə "Ana və körpə” adlanırdı. Hər iki şeir xoşumuza gəldi. Mən elə həmin gün onları redaksiya heyətinin üzvü Abdulla Şaiqə göndərdim. Bir neçə gün keçdi. Səməd Vurğunun şeirlərini jurnalın növbəti nömrəsinin planına daxil etmişdik. Yeri gəlmişkən, onu da deyim ki, Səməd Vurğun öz "Ceyran” şeirinin əlyazmasını da bizə gətirib və şeir ilk dəfə "Pioner” jurnalında çap olunub. Eləcə də bir çox cavan yazarların ilk əsərləri "Pioner” jurnalında çıxırdı. Tanınmış rəssamlar jurnalla əməkdaşlıq edirdilər. Bəstəkarlardan ilk dəfə olaraq Qara Qarayevin "Sülh”, Səid Rüstəmovun "Dəstə rəhbəri”, Qəmbər Hüseynlinin "Ana məktəb”, Ağabacı Rzayevanın, Cahangir Cahangirovun mahnıları "Pioner” jurnalında dərc olunub”.
Hazırda "Günəş” jurnalının baş redaktoru tanınmış araşdırmaçı-jurnalist, publisist, tərcüməçi Vasif Quliyevdir. Vasif Quliyev 1954-cü ildə Şuşa rayonunun Malıbəyli kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1982-84-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Hazırda "Günəş” uşaq jurnalının baş redaktoru və "Şuşa” qəzetinin və "Şuşa” nəşriyyatının direktorudur. V.Quliyev ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. "Ulduz”, "Qobustan”, "Müxbir” jurnallarında və qəzetlərdə publisist məqalələrlə çıxış edib. 2015-ci ildə "Tərəqqi” medalı ilə təltif olunub. "Qızıl Qələm” Mükafatı laureatıdır.
(davamı gələn sayımızda)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb