"Dünyada erməni lobbisi deyilən bir şey yoxdur. Türk dünyasına, Azərbaycana təzyiq göstərmək üçün bu kartdan istifadə edirlər”. Bu sözləri "Şərq”ə açıqlamasında millət vəkili, tanınmış yazıçı Aqil Abbas deyib. Avropa Parlamentinin Azərbaycana qarşı tutduğu qərəzli mövqeyi sərt şəkildə tənqid edən deputat erməni diasporasının şişirdilməsinə etirazını bildirib:
"Erməni nə zibildir ki, Avropa Parlamentinə təzyiq göstərsin?! Əgər həqiqətən, erməni lobbisi ABŞ-a, Fransaya təsir edirsə, deməli, adıçəkilən ölkələr yoxdur. Elə danışırlar, sanki ermənilər dünyanın yiyəsidir. Axı kimdir erməni? And olsun Allaha, erməni lobbisi deyilən şey yalan və uydurmadır. Bütün ölkə mətbuatından xahiş edirəm, bu sözü işlətməsinlər, erməniləri şişirtməsinlər. Düşmənlərimiz də elə bilirlər ki, həqiqətən böyük və önəmli gücə sahibdirlər”.
A.Abbasın sözlərinə görə, Qərb ölkələri erməni məsələsindən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər: "ABŞ-da və Avropada bəzi dairələr Azərbaycanın siyasi və iqtisadi inkişafına, bölgədə söz sahibi olmasına qısqanclıqla yanaşırlar. Onlar ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsini həzm edə bilmirlər. Dünyanın 74 ölkəsi Oyunları canlı yayımlayacaq. Əlbəttə, Avropada bu qədər dövlət yoxdur. Deməli, digər qitələrdə də Azərbaycan təbliğ olunacaq. Qərb dairələrini narahat edən də məhz bu amildir. Məruz qaldığımız qarayaxma kampaniyası Azərbaycana qarşı qurulmuş oyundur. Amma ictimaiyyət narahat olmasın, onlar heç bir qələt edə bilməyəcəklər”.
Milli Qeyri-Hökumət Təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni də Avropa Parlamentinin "Bakı 2015” I Avropa Oyunları ilə bağlı çıxardığı qərara münasibət bildirib. R.Zeyni deyib ki, əgər biz dünya arenasına çıxmaq, dünya siyasətinə təsir göstərmək istəyiriksə, öz fəaliyyətimizi daha da gücləndirməliyik: "Azərbaycan dövləti olaraq ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsi, möhkəmlənməsi istiqamətində səylərimizi birləşdirməliyik. Bu gün Azərbaycan idman, tolerantlıq, mədəniyyət, dialoq və hətta düşüncə mərkəzinə çevrilib. Əgər dünya liderləri Azərbaycana gəlib dünyanın problemlərini Bakıda müzakirə edirsə, bu artıq ölkəmizin daha böyük, beynəlxalq əhəmiyyətli dövlətə çevrilməsindən xəbər verir. Bütün bunlarla bərabər qeyri-hökumət təşkilatları olaraq həm Avropanın bizə etimad göstərməsi, həm də 38 dövlətin səs verib I Avropa Oyunlarının Azərbaycanda keçirməsini qərarlaşdırması bizlərə böyük etimaddır. Təbii ki, biz bunların hamısını yüksək dəyərləndiririk. Azərbaycanın bu uğurları davam etdikcə, ölkəmizə qarşı qara piar kampaniyası da davam edəcək. Biz QHT, media olaraq da bu kampaniyaya qarşı öz cavabımızı veririk”.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də bildirib ki, Azərbaycan əleyhinə aparılan kampaniyaların arxasında məkrli niyyətlər dayanır: "Avropa təsisatları həmişə Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli tədbirlər zamanı ölkəmizə qarşı təbliğata start verirlər. Avropa Birliyinə daxil olan ölkələrin özlərində insan hüquqları kobud şəkildə pozulsa da, Avropa Parlamenti bunu görməzlikdən gəlir. Ancaq Azərbaycanda hər hansı adi bir hadisəni şişirdərək bizə qarşı təbliğat aparırlar. Onlar Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Hücumların daha bir səbəbi isə Azərbaycan xalqının fikrini başqa istiqamətə yönəltməkdir”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə deyib ki, ölkəmizə qarşı aparılan kampaniyanın arxasında iki məqsəd dayanır: "Birinci məqsəd Dağlıq Qarabağ problemini ermənilərin xeyrinə çözmək, ikincisi isə Avropadakı korrupsiya düzənini ört-basdır etməkdir. Əslində bizi ittiham edən Avropa ölkələrinin özündə siyasi korrupsiya pik həddə çatıb. Siyasi korrupsiya dedikdə burda lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olması da nəzərdə tutulur. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da vurğulanır ki, Avropa ölkələrində korrupsiya geniş yayılıb. Azərbaycan isə hər zaman korrupsiyaya qarşı mübarizə aparır və bunun nəticələrini hər gün görürük. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin və ASAN Xidmətin yaradılması da aparılan mübarizənin ən bariz nümunəsidir”.
İsmayıl