Saakaşvilinin başqa ölkədə vəzifə icra etməsi onun Gürcüstan qarşısındakı öhdəliklərinə kölgə salmır
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada yüksək vəzifəyə gətirilib. Prezident Poroşenkonun imzaladığı fərmana əsasən, Saakaşvili islahatlar üzrə məsləhət şurasının rəhbəri təyin olunub. Məlumat üçün deyək ki, keçmiş prezidentin Ukraynada siyasi fəaliyyətə başlayacağı ilə bağlı dəfələrlə mediada informasiya yayılıb.
Amma Saakaşvili hər dəfə iddialara cavab olaraq siyasi taleyinin Gürcüstanla bağlı olduğunu vurğulayıb. Bu səbəbdən keçmiş Gürcüstan rəhbərinin Ukraynada təklif olunan vəzifəni qəbul etməsi bəzi siyasi ekspertlər tərəfindən ABŞ-ın Saakaşvili ilə bağlı proyektinin növbəti addımı kimi dəyərləndirilib. Lakin nisbətən fərqli düşünən politoloqlar da var. Məsələni "Şərq”ə şərh edən Qafqaz Universitetinin professoru, siyasi icmalçı Fərhad Mehdiyev maraqlı məqamlara toxunub. Ekspert deyib ki, Saakaşvilinin Ukraynada yüksək vəzifəyə gətirilməsi adıçəkilən dövlətin qərbə inteqrasiya yolunu seçməsinin ən bariz nümunəsidir: "Niyə məhz Saakaşvili? Çünki Saakaşvili Gürcüstanı qərbə kifayət qədər yaxınlaşdıra bilib. Özü də bunu təkcə xarici siyasətlə deyil, ölkənin bütün strukturlarının dəyişdirilməsi yolu ilə həyata keçirib, idarəçilik formasını dəyişdirib. Hətta respublikanı yarı prezident üsul-idarəsindən parlamentli üsul-idarəsinə keçirib. Saakaşvili olduqca simvolik bir şəxsdir, korrupsiyanın düşmənidir. Poroşenko bilir ki, Saakaşvilinin Ukraynada elə də böyük əlaqəsi, dostu-tanışı yoxdur. Keçmiş prezident kimi onun gözəl idarəetmə təcrübəsi var. Yəni ukraynalılar Saakaşvilidən istifadə etmək, faydalanmaq istəyirlər. Eyni zamanda dünyaya bir mesaj verirlər”.
F.Mehdiyevin sözlərinə görə, bu təyinatın arxasında ABŞ-ın olduğunu inkar etmək olmaz: "Şübhəsiz ki, ABŞ buna yaşıl işıq yandırıb. Çünki Saakaşvili rəsmi Vaşinqtonun birbaşa dəstəklədiyi siyasi şəxslərdəndir. Vaxtı ilə onun Gürcüstanda iqtidara gəlməsini dəstəklədikləri kimi, indi də Ukraynada yüksək vəzifə sahibi olmasına şərait yaradıblar”.
Politoloq bəyan edib ki, Saakaşvilinin Ukraynada vəzifə tutması onun Gürcüstan siyasətinə qayıtmaq yolunu bağlamır. Əgər bu şəkildə fikirləşənlər varsa, yanılırlar: "Tam əksinə, bu vəzifə onu bir siyasətçi kimi gücləndirir. Hər ölkənin siyasətçisini başqa ölkədə yüksək vəzifəyə təyin etmirlər. Saakaşvilinin belə bir vəzifəyə təyin olunması onun dünyəvi imicini artıran ciddi məsələdir. Siz dünyanın heç bir yerində bunun bənzərini görə bilməzsiniz. Çox az siyasətçiyə belə bir təklif qismət olur. Bu baxımdan Saakaşvilinin başqa ölkədə vəzifə icra etməsi onun Gürcüstan qarşısındakı öhdəliklərinə kölgə salmır. Hamı çox yaxşı bilir ki, Saakaşvili Gürcüstan üçün nələr edib. Nəzərə almaq lazımdır ki, Saakaşvili Ukrayna vətəndaşlığına girmədən vəzifəni qəbul edib. Əlbəttə, Saakaşvilinin də düşmənləri var. Ona qara yaxmaq istəyənlər çoxdur. Zənnimcə, bu təyinat onların əlinə yaxşı bəhanə verəcək. Amma bu, çox əsassız bir bəhanədir”.
İsmayıl