Daha tıxac olmayacaq

Xırdalanlılar, sumqayıtlılar sevinc içindədirlər
Bakı-Sumqayıt qatarının işə düşməsi problemləri xeyli həll edəcək



Sumqayıta sürət qatarının işləyəcəyi xəbəri tıxaclardan bezənləri sevindirib. "Azərbaycan dəmir yolu nəqliyyatının inkişafı” Dövlət proqramı çərçivəsində "Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin "Stadler” şirkətindən Bakı-Sumqayıt dəmir yolu xətti üzrə sərnişindaşımanı həyata keçirəcək beş ədəd ikimərtəbəli elektrik qatarı alıb və onlar yaxın günlərdə Bakıya gətiriləcək.

Bu qatarların Bakı-Xırdalan-Sumqayıt sərnişin dəmir yolu sahəsində istismara buraxılacaq. "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin məlumatına görə, yeni qatarlarda sərnişinlər üçün bütün şərait yaradılıb. Qatarda "Wi-fi” sistemi və kondisionerlər işləyəcək. Qatar 919 nəfər sərnişin götürür. Ümumilikdə isə 396 oturacaq yeri var. Onlardan 84-ü biznes-klass sayılır.

Sumqayıtdan Bakıya gələn qatar Bakı sərnişin stansiyasında dayanacaq və elə buradan da sərnişinləri götürüb geriyə qayıdacaq.

Yeni qatar Bakı-Sumqayıt arasındakı məsafəni cəmi 40 dəqiqəyə qət edəcək. Mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, hazırda dəmir yolunda əsaslı təmir işləri aparılır. Ümumilikdə 63 km təmir olunmalıdır. Yolun 30 kilometri artıq hazırdır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov isə hamını ən çox maraqlandıran gediş haqqı məsələsinə aydınlıq gətirib. C.Qurbanov bildirib ki, gediş haqqına QSC tərəfindən müəyyən dəyişiklik edilə bilər: "Hər şeyi nəzərə alaraq qiymətləri vətəndaşların ziyanına olmayacaq şəkildə tənzimləyəcəyik”. Yeni gətiriləcək vaqonlarda gediş haqqının Tarif Şurası tərəfindən müəyyənləşdiriləcəyini deyən C.Qurbanov bildirib ki, plaskart vaqonlarda gediş haqqı sosial qiymətlərə aiddir və bu qiymətlər əhalinin əksəriyyəti üçün hesablanıb. Ona görə də, plaskart vaqonlarda gediş haqqı dövlət tərəfindən, VİP vaqonlarda isə ADY QSC tərəfindən tənzimlənməsi nəzərdə tutulur.

Əslində, hazırda sumqayıtlıların da, xırdalanlıların da səbirsizliklə gözlədiyi sürət qatarının özüdür. Gediş haqqı sonrakı məsələdir. Əsas odur ki, insanlar "20 Yanvar”da, Xırdalan yolunda saatlarla tıxacda qalmayacaq. Sumqayıtlılar da, məsələn, istanbullular kimi sürət qatarına əyləşib şəhərin bu başından o başına rahatca gedə biləcəklər. Yəni, yaxında bizim də "Mərmərə”imiz olacaq.

Bakı-Sumqayıt sürət qatarı ilə bağlı fikirlərini "Şərq”lə bölüşən nəqliyyat məsələləri üzrə ekspret Ərşad Hüseynov bu layihə nəticəsində Bakı-Sumqayıt avtomobil yolunun yükünün xeyli azalacağını bildirdi:

- Bəllidir ki, hazırda paytaxtda ən çox tıxac yaşanan yollardan biri məhz "20 yanvar” dairəsi, Xırdalan yoludur. Amma Xırdalana, Sumqayıta dəmir yolu açılacaqsa və elektrik sürət qatarları hərəkət edəcəksə, bu problemin aradan qalxacağını gözləmək olar, çünki istər-istəməz yolun yükü də azalmış olacaq. İndi görək marşrutu necə müəyyən edəcəklər. Gərək əhali sıxlığı nəzərə alınsın. Hansı ərazilərdə ki, sıxlıq var, orada duracaqlar olsun. Sərnişinlərin rahatlığı maksimum nəzərə alınmalıdır. Elə olmasın ki, sürət qatarına minən sərnişin yenə də iki-üç marşrut dəyişmək məcburiyyətində qalsın. Bunun üçün şəhərin müxtəlif istiqamətlərindən Bakı stansiyasına hərəkət edən avtobus marşrutları olmalıdır. Necə ki, indi marşrutların əksəriyyəti metrostansiyaların yaxınlığına gəlir, Bakı-Sumqayıt qatarına minmək üçün də belə yaxın məsafələrdə işləyəcək avtobus xətləri müəyyənləşdirmək olar. Qatar həmişə, hər yerdə vağzaldan vağzala gedir. Amma sərnişinlərin rahatlığı və gediş haqqının baha başa gəlməməsi üçün vağzala gələn avtobus marşrutlarını düzgün müəyyənləşdirmək lazımdır.

Gediş haqqı məsələsinə gəlincə, Ə.Hüseynov bunun, sərnişin axınına uyğun tənzimlənməli olduğunu dedi:

- Qatar xəttə buraxıldıqdan sonra onun nə dərəcədə gəlirli olduğu bilinəcək. Düşünürəm ki, gediş haqları bu qatarlardan ən çox istifadə edəcək vətəndaşların gəlirlərinə uyğun olmalıdır.

Məlahət Rzayeva