Abortlar niyə artıb ?- Səbəblər sadalanır

"Əslində rəsmi nikahda olan şəxslər, gənc analar ilk övladlarını çox az hallarda abort etdirir”.
Bunu "Sherg.az”a 2017-ci ilin abort statistikasına görə, 18-25 yaşlı gənc anaların daha çox abort etdirməsinin səbəblərini izah edərkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 
Birlik sədri bu halın geniş yayılmasının səbəblərini sadalayıb:
"Ola bilər, bu abortların əksəriyyəti qanunsuz nikahların nəticəsidir. Yaxud işləyən analar planlaşdırılmamış uşaqlara sahib olmamaq, karyera həyatına problem yaratmamaq üçün də aborta ehtiyac duyurlar. 
Əksər ailələrdə hamiləlik planlaşdırılmadan baş verdiyinə görə, ailə birinci, yaxud ikinci övladı istəmədikdə abort etdirməyi qərara alır.
18-25 yaşlı qadınların abort etdirməyə məcbur qalması tibbi problemlərlə də bağlı ola bilər. Gənc anaların hamiləlik, bu müddətdə sağlamlığa qulluq barədə bilikləri az olduğundan bəzən problemlər yaşanır. Hətta ilk hamiləliklərdə yaşanan problemlər ana və körpənin həyatı üçün risk yarada bilər.
 Bu faktorları nəzərə alan ailələr risk yarandıqda aborta üz tutmalı olur. Bu mülahizələr gənc yaşda aborta üz tutan qadınların sayının artmasına səbəb olur”.
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanda 37 618 abort icra edilib. Məlumata görə, abortlar əsasən 18-25 yaşlı qadınlar üzərində icra olunub və abortdan sonra ölüm halı baş verməyib.
Aysel Aslan