"ABŞ-da Türkiyəyə qarşı qərəz artır" - TƏCİLİ

Tofiq Abbasov: "ABŞ-ın Ərdoğanın şəxsi mühafizəçilərini məsuliyyətə cəlb etmək istəyi ikitərəfli münasibətlərə mənfi təsirləri olacaq.
"Türkiyə hələ Barak Obamanın dövründən Amerika ilə bağlı siyasətini yeni formatda davam etdirmək istəyir”.
Bunu Sherg.az-a ABŞ hakimiyyətinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin həbs edilməsinə dair əmrinə münasibət bildirərkən politoloq Tofiq Abbasov deyib. 
O bildirib ki, Suriya hadisələri başlayanda iki dövlət arasında mövqelər yaxın idi və əməkdaşlıq təsirləri duyulurdu:
"B.Obamanın hakimiyyətinin sonlarında həmin münasibətlərdə soyuqlaşma müşahidə olundu və Türkiyə açıq-aydın Amerika siyasətinə narazılığını ifadə edirdi. Bildirdi ki, regionda Amerikanın yürütdüyü siyasət gərginlik yaradır. Bundan sonra baş verənlərin fonunda münasibətlərdəki gərginlik daha da duyuldu. Tramp hakimiyyətə gələndən sonra düşünmürəm ki, münasibətlərə yeni çalarlar, pozitiv məqamlar əlavə olundu. Ərdoğanın son Amerika səfərində də bu duyulurdu. Həmin çərçivədə çətin ki, hər hansı razılığa gəlinər. Amerika dövlət başçısının protokolu, görüşün qısamüddətli olması da buna işarədir.
Münasibətlərin hazırda zəifləməsi, iki dövlətin müttəfiq olmasına baxmayaraq, aralarındakı narazılıqlar, anlaşılmazlıqlar mənfi nəticələrə gətirir. Amerika kürd silahlılarını dəstəkləyir, Türkiyənin maraqlarını digər ölkələr qarşısında zəiflədir. Ona görə də bununla rəsmi Ankara barışa bilməz. Əks tədbirlərin görülməsi gərəkir".
Amerikadakı insidentə gəldikdə isə politoloqun sözlərinə görə, bu ondan xəbər verir ki, ABŞ-da Türkiyəyə qarşı qərəz artır:
"İnsidentdə iştirak edən türk vətəndaşlarının və kürd əsilli Amerika vətəndaşlarının, digər icma nümayəndələrinin qayəsi danışıqların keçirildiyi yerdə Türkiyənin imicinə xələl vurmaq idi. Ərdoğan komandasının üzvləri həmin hissəyə gedib, buna müdaxilə edəcəklər. Bu məsələ böyüyərsə, ikitərəfli münasibətlərə mənfi təsirləri olacaq. Çünki istənilən halda məsuliyyətə cəlb etmək istədikləri şəxslər adi adamlar deyil, prezidentin şəxsi mühafizəçiləridir. Ola bilsin kobudluğa yol verilib, qeyri-proporsional şəkildə güc tətbiq edilib, amma Amerikanın yaydığı demokratiya prinsiplərini görəndə biz ikili standartların tətbiqi ilə rastlaşırıq. 
Onlar bir yandan demokratiya təbliğ edir, digər tərəfdən müstəqil dövlətləri dağıdırlar, xaosa, dağıntılara şərait yaradırlar. Vaşinqtonda baş verən hadisə də bu qəbildəndir. Çünki təxribatçı şəxslərə imkan verib, şüarlarla, başqa vasitələrlə Türkiyənin imicinə xələl vurmaq və onu aşağılamaq hansı demokratiyaya sığan məqamdır? Halbuki dövlət rəhbərləri gündəlikdə olan problemləri, qarşıda duran məsələləri razılaşdırmaq üçün görüşürlər. Məsələ böyüdülərsə, münasibətlərə çox böyük dağıdıcı təsirləri ola bilər”.
Aysel Aslan