Həmsədrlər çalışır ki, prezidentləri bir araya gətirsin
“Məsələ ondadır ki, gündəlikdə tərəfləri qane edən hansısa prinsiplər, müddəalar yoxdur. Belə məqamda görüşmək faydasızdır”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti açıqlamalar verib. Həmsədrin sözlərindən bəlli olub ki, son günlər cəbhə bölgəsində yaşayan gərginliyə, ermənilərin mülki sakinləri hədəf seçməsinə baxmayaraq, vasitəçilər prezidentlərin növbəti görüşünün baş tutacağına ümid edirlər.
Fəaliyyətdə olduğunu isbat etməyə çalışan Amerikalı həmsədr Hoqland deyib ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək: "Tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığına ümid etmək olar”. Hoqland əminliklə bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: "Nizamlanma reallaşarsa, regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək”. Vasitəçi Rusiya-ABŞ münasibətlərinin danışıqlar prosesinə təsir edib-etməyəcəyi məsələsinə də toxunub: "İki ölkə arasında yaranmış gərginliyə baxmayaraq, ABŞ Rusiya ilə bu məsələdə işləməyə davam edir. Biri-birimizə münasibətdə heç nə dəyişməyib. Siyasətçilər öz aralarında toqquşa bilərlər, lakin ümumi işimizi davam etdirmək niyyətindəyik”. Amerikalı həmsədr vurğulayıb ki, hərbi toqquşma ehtimalını aşağı endirməliyik: "İlk növbədə təmas xəttindən və sərhəd zonasından snayperlər geri çəkilməli, müşahidəçilərin sayı artırılmalı və xüsusi avadanlıqlar yerləşdirilməlidir. Əgər iki silahlı tərəf üz-üzə durubsa, hərbi toqquşmanın mümkünlüyü hər zaman var”.
Riçard Hoqlandın "xoşməramlı” açıqlamalarını şərh edən politoloq Tofiq Abbasov "Şərq”ə bildirib ki, Amerikalı həmsədr fəaliyyətə yeni başladığı üçün xüsusi aktivlik və ruh yüksəkliyi nümayiş etdirməyə çalışır. Ekspertin sözlərinə görə, vasitəçilər bir müddət səs-küy salır və daha sonra "sönürlər”. Riçard Hoqlandın da onlardan heç bir fərqi yoxdur:
"Münaqişə həmsədrlər üçün eksperiment meydanına çevrilib. Bütün vasitəçilər fərqindədir ki, ixtilaflı məsələdə tərəflər siyasi iradə ortaya qoymalıdır. Ancaq vassala çevrilmiş düşmən ölkədən iradə gözləmək əbəsdir. Ermənistan siyasi meydanda yoxdur. Burada birtərəfli oyun gedir. Rusiya pult vasitəsi ilə uzaqdan düşmən ölkəni idarə edir. Azərbaycan tərəfi isə haqlı olaraq tələb irəli sürür ki, beynəlxalq aləm Ermənistanı təcavüzə son qoymağa, masa arxasında əyləşməyə məcbur etsin. Ancaq bunun əksini görürük.
Ona görə də gəlişi gözəl sözləri eşitmək istəmirik. Əməldə heç bir dəyişiklik sezilmir. Məlumdur ki, sentyabrda BMT-nin Baş Assambleyası toplaşacaq. Orada xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Həmsədrlər çalışırlar ki, nazirlərin görüşündən sonra prezidentləri də bir araya gətirsinlər. Məsələ ondadır ki, gündəlikdə tərəfləri qane edən hansısa prinsiplər, müddəalar yoxdur. Belə məqamda görüşmək faydasızdır. Əvvəlcə işçi qruplar danışıqların predmetini müəyyən etməlidir. Təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi ucbatından bunu reallaşdırmaq mümkün olmur”.
İsmayıl