ABŞ-ın Türkiyədəki terror həyəcanı birinci dəfə deyil




Vaşinqtonun təhlükə ilə bağlı açıqlamaları şişirdilmiş məlumatlardır
ABŞ Türkiyənin paytaxtı Ankaradakı səfirliyini bağlayıb. Rəsmi Vaşinqtonun məlumatına görə, səfirliyin bağlanması qərarı bir günlük verilib. Səbəb isə təhlükəsizliklə əlaqəlidir. Vaşinqtonun bu radikal qərarından sonra rəsmi Ankara hərəkətə keçib. Türkiyə tərəfi bildirib ki, kəşfiyyat qurumları ABŞ qaynaqlarından daxil olan məlumat əsasında səfirlik və Amerika vətəndaşlarına qarşı ehtimal olunan terror təhlükəsinə yönəlik tədbirləri gücləndirib: "Bütün nöqtələr bir daha diqqətlə nəzərdən keçirilib, əlavə təhlükəsizlik tədbirləri alınıb”. Xatırladaq ki, son bir həftədir Türkiyədə İŞİD terrorçularına qarşı genişmiqyaslı əməliyyat keçirilir. Əməliyyat nəticəsində 70-dən çox terrorçu ələ keçirilib. Qruplaşma üzvlərinin evlərindən xeyli silah-sursat aşkarlanıb. Kəşfiyyat məlumatlarına görə, Türkiyə ərazisinə qeyri-qanuni yolla keçən bir qrup terrorçu dərhal zərərsizləşdirilib və ehtimal olunan teraktların qarşısı alınıb. Ekspertlərin fikrincə, ABŞ rəhbərliyinin səfirliklə bağlı addımı Türkiyənin "təhlükəli” ölkə olması ilə bağlı fikir formalaşdırmaqdır.


Məsələ ilə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Amerikanın diplomatik taktikasında bu cür hərəkətə bir neçə dəfə rast gəlinib:

"Yaxşı yadımdadır, 1990-cı illərdə, guya, Azərbaycanda Amerika vətəndaşları üçün təhlükə yarandığı barədə ABŞ rəsmiləri məlumat yaymışdılar. Onlar Azərbaycanda təhlükə riskinin olduğunu demişdilər. Halbuki onların iddialarında həqiqət yox idi. ABŞ rəsmiləri ordan-burdan eşitdikləri qeyri-dəqiq məlumatlarla tələsik açıqlama verirlər və özlərini sığortalayırlar. Yəni ABŞ-ın təhlükə ilə bağlı açıqlamaları şişirdilmiş məlumatlardır”.

Professor bildirib ki, Amerikanın son addımına Vaşinqton-Ankara münasibətləri prizmasından baxmaq lazımdır: "Son zamanlar iki ölkə arasında çox gərgin münasibət yaranıb. Əlaqələrin korlanmasında terrorçuların silahlandırılması və Afrin əməliyyatları mühüm rol oynayır. Əslində sonuncu qərar səfirliyin bağlanması deyil, diplomatların yerinin dəyişdirilməsidir. Səfirliyin bağlanması diplomatik əlaqələrin tamamilə qırılması anlamına gəlir. 

Əgər Türkiyədə ABŞ-ın iddia etdiyi kimi ciddi təhlükə varsa, onda təkcə amerikalılar deyil, bütün Qərb vətəndaşları təhlükədədir. Hazırda terror təşkilatları kifayət qədər güclüdür və ciddi fəsadlara səbəb olan teraktlar törədə bilərlər. Ancaq diplomatik nümayəndəlikləri bir-iki günlük bağlamaqla bu problemi ortadan qaldırmaq mümkün deyil. Ölkələr terrorla mübarizədə birgə fəaliyyət göstərməlidirlər”.

İsmayıl