“ABŞ Qarabağ münaqişəsinin nizamlanmasında ciddi səy göstərir”

Robert Sekuta dövlət katibi Con Kerrinin hər iki ölkənin prezidenti ilə telefon danışığı apardığını xatırladıb



"Biz demokratik, güclü və inkişaf edən Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək prinsiplərinə sadiqik”. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın müstəqillik günü ilə bağlı keçirilən qəbulda deyib.

O bildirib ki, ABŞ 90-cı illərin əvvəllərindən Azərbaycann neft və qaz layihələrinə dəstək və yardım edib, müasir iqtisadiyyat və dövlət qurmaq kömək edib: "Yeni institutlar və demokratiya qurmaq üçün Azərbaycanla təcrübələrimizi bölüşmüşük. Azərbaycanın Əfqanıstana sülhməramlı göndərməsini yüksək qiymətləndiririk. ABŞ Azərbaycana 1993-cü ildən 1.3 milyard dollar yardım edib. Əvvəl Azərbaycana humanitar yardım edirdik, indi isə geniş sahələrdə əməkdaşlıq edirik”.

Daha sonra çıxış edən Azərbaycan maliyyə naziri Samir Şərifov bildirib ki, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb: "Bir neçə ay sonra diplomatik münasibətlərimizin 25 illiyi qeyd olunacaq. Biz bunu yüksək qiymətləndiririk, əməkdaşlığımızın strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsində olmasına və fəal siyasi dialoqa önəm veririk. Ümidvarıq ki, Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərini daha da artıracaq. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının, ərazi bütövlüyünün bərpasının, qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qayıtmasının regionda rifaha öz töhfəsini verəcəyinə əminik”.

"ABŞ ATƏT-in Minsk qrupundakı digər həmsədrlərlə birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləyişin əldə olunması, hərtərəfli sülh sazişin əldə olunması üçün ən yüksək səviyyədə çalışır”.

Bu sözləri də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, ötən gün dövlət katibi Con Kerrinin hər iki ölkənin prezidenti ilə telefon danışığı apardığını xatırladıb: "ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bu istiqamətdə ciddi səy göstərir”.

Rəsmi Vaşinqton son aylar Azərbaycanda insan haqları sahəsində əldə edilən irəliləyişi yüksək qiymətləndirir. Bunu da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Ümid edirik ki, Azərbaycan bu istiqamətdə işləri davam etdirəcək. ABŞ Azərbaycanla bir çox sahələr daxil olmaqla, üç əsas istiqamətdə - təhlükəsizlik, iqtisadiyyat və insan haqları sahələrində əməkdaşlıq etməkdə davam edir”, deyə R.Sekuta bildirib.