“NATO üzvünün rəqib ölkədən silah alması yalnız mənəvi məsələdir. Hərbi alyansın nizamnaməsində belə bir qadağa yoxdur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya təhdidinə münasibət bildirib. Ərdoğan deyib ki, Avropa vədlərinə əməl etsəydi, bu gün Türkiyə Avropa İttifaqının üzvü kimi öz yerini tutmuşdu. Həmçinin, ABŞ-ın Suriyadakı seçimi səhv olmasaydı, bu gün reallıq tamam fərqli olardı:
"Türkiyənin Rusiya və İranla üst-üstə düşən və düşməyən maraqları var. Türkiyənin terror təşkilatları ilə mübarizəsini, S-400 almasını tənqid edənlər özlərinə baxsınlar. Yunanıstanın S-300-ləri var, onlar da Rusiyadan alıblar, amma Amerika buna səs çıxarmır. Vaşinqton Rusiyadan S-400 almaq istədiyimizə görə, ölkəmizə sanksiya tətbiq edə biləcəyini bəyan edir. Bu, ənənəvi yanlış yanaşmadır və Türkiyə üçün keçərli deyil”. Xatırladaq ki, bir müddət əvvəl ABŞ Dövlət Departamentinin rəsmiləri Türkiyənin Rusiyadan "S-400” zenit-raket sistemləri alacağı təqdirdə Ankaranın sanksiyalarla qarşılaşa biləcəyini demişdilər. Bir sıra ekspertlərin fikrincə, ABŞ-ın NATO üzrə müttəfiqinin Türkiyəyə qarşı sanksiya məsələsini gündəmə gətirməsi sadəcə təhdid və çəkindirmə mahiyyəti daşıyır.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Türkiyənin Rusiyadan almağa hazırlaşdığı "S-400” raketləri 400 kilometr məsafədə rəqibin istənilən yerüstü və hava obyektlərini məhv etmək iqtidarındadır. Ekspertin sözlərinə görə, son illər Rusiya bu raketlərini Krım və Suriyada yerləşdirib:
"Rusiya bu model raketlərini hələlik Çindən sonra Türkiyəyə təklif edib. Raketə sahib olmaq üçün Asiya, Yaxın Şərq ölkələri, Vyetnam və Hindistan böyük maraq göstərirlər. Türkiyənin bu ölkələrdən fərqi isə NATO üzvü olmasıdır. Məsələyə müttəfiqlik prizmasından baxsaq, NATO üzvünün rəqib ölkədən silah alması yalnız mənəvi məsələdir. Hərbi alyansın nizamnaməsində belə bir qadağa yoxdur. Gələcəkdə bu raketlərin NATO ölkələrinə bir təhdid olması ehtimalı da sıfıra bərabərdir”. Analitik Rusiyanın anlaşmada məqsədli və maraqlı tərəf olduğunu bildirib: "Moskva anlaşmanın ilk növbədə iqtisadi tərəfini düşünsə də, bunu NATO ölkələri ilə Türkiyənin arasını vurmaq üçün bir şans kimi də dəyərləndirir.
Düşünür ki, əgər Türkiyə təşkilatdan çıxarılarsa, çox asanlıqla onu özünə tabe etdirə bilər. Məncə, ABŞ Dövlət Departamentinin rəsmilərinin Türkiyəyə qarşı sanksiya bəyanatlarını ciddiyə almaq olmaz. Ümumiyyətlə, ABŞ və Türkiyə münasibətlərinə administrasiyalar tərəfindən son verilə bilməz. Bu əlaqələr kifayət qədər möhkəm, davamlı və qarantiyalıdır”.
İsmayıl