Elxan Şahinoğlu: "İŞİD-ə qarşı koalisiya yoxdur, hər dövlət öz səviyyəsində, pərakəndə şəkildə mübarizə aparır"
"İŞİD-ə qarşı koalisiya yoxdur, hər dövlət öz səviyyəsində, pərakəndə şəkildə mübarizə aparır”.
Bunu Sherg.az-a İŞİD terror təşkilatına qarşı mübarizə tədbirlərindən danışarkən politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, hətta bəzi ölkələr üzdə mübarizə aparan kimi görünsə də bu tədbirlərə qatılmır:
"Məsələn, Amerika İraq ordusuna dəstək verir ki, İraq Mosulda əməliyyat keçirsin. Amma artıq 1 ilə yaxındır ki, əməliyyat başa çatmayıb. Beynəlxalq koalisiya olmadığına görə, İŞİD-ə qarşı mübarizə də vahid mərkəzdən idarə olunmur. Sonuncu dəfə Londonda terror aksiyaları baş verdi. Böyük Britaniya Amerikanın müttəfiqi sayılır, amma onun ərazisində terror törədildikdən 1 saat sonra terrorçunun həmin ərazidəki şəkli "New York Times” qəzetində peyda olur. Bu, onu göstərir ki, rabitəsiz fəaliyyət hökm sürür. Hansı ölkə təkbaşına İŞİD-ə qarşı mübarizəyə qalxmaq istəmir. Qruplaşma Suriya və ətrafında sıxışdırılır. Amma bu, o demək deyil ki, tamamilə neytrallaşdırılıb. Hətta Suriya və İraqda olmayan İŞİD davamçıları var ki, Avropa vətəndaşı olaraq partlayışlar, terror aksiyaları törədir.
`
Amma düşünürəm ki, bu, bir perioddur. Vaxtilə 90-cı illərdə "Əl-Qaidə” güclü təşkilat idi, hər kəs ondan çəkinirdi.Əfqanıstanda, Sudanda böyük dəstələri olan bu təşkilatın 15 il sonra haqqında danışan belə olmadı. "Əl-Qaidə” zərərsizləşdirilib, rəhbəri Pakistanda tapılaraq, öldürülüb. İŞİD rəhbərliyi də həmin günü gözləyir, amma düşünürəm ki, buna hələ çox var. "Əl-Qaidə”-dən fərqli olaraq İŞİD-çilərin sayı çoxdur, böyük ərazini əhatə edir. Ona görə təşkilatı zərərsizləşdirmək beynəlxalq aləm üçün başlıca vəzifə olmalıdır. Bu olmasa, İŞİD-i neytrallaşdırmaq da, qətliamların qarşısını almaq da çətin olacaq”.
Aysel Aslan