İnternetlə bağlı təklif olunan qiymətə uyğun olan sürət verilmir
"Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev MMC-nin bütün telekommunikasiya infrastrukturunun əsaslı şəkildə modernləşdirilməsinin gözlənildiyini deyib. S.Paşayev dəyişikliklərlə bağlı böyük planların da olduğunu diqqətə çatdırıb.
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə şəbəkənin bütün seqmentləri dəyişdiriləcək. İP texnologiya üzrə bütün infrastrukturun dəyişdirilməsi zəruridir. Optik infrastrukturun mövcud olmadığı ərazilərdə kabellər çəkiləcək və ya simsiz şəbəkə yaradılacaq”.
"Aztelekom” rəhbəri hesab edir ki, hazırda İP TV xidmətinə bazarda çox tələbat var. Bununla əlaqədar olaraq MMC ölkə ərazisində bu xidmətin əhatə dairəsinin genişləndirilməsi üçün bir sıra variantları sınaqdan keçirir. S.Paşayev tarif siyasəti və həm korporativ, həm də istehlakçı seqmentindəki mümkün dəyişikliklər barədə də danışıb. Onun sözlərinə görə, korporativ istifadəçilər üçün əsassız yüksəldilmiş tariflərə yenidən baxılıb: "Fərdi istehlakçılara gəlincə, burada qiymətlər demək olar ki, möhkəmlənib. Manatın məzənnəsindəki dəyişikliyə və satınalma qiymətlərinin artmasına baxmayaraq, biz qiymətlərin sabitliyini saxlaya bildik. İnfrastrukturun təkmilləşdirilməsi üçün nə qədər çox iş görülsə, tariflərin azaldılması üçün imkanlar bir o qədər çoxalacaq”.
"Aztelekom” rəhbəri qeyd edib ki, tariflərin azaldılması gözlənilir və indi fərdi istehlakçı seqmenti üçün yeni təkliflər hazırlanır. İnternetə çıxış sürətinin artırılması şərti ilə mövcud tarif həddinin saxlanması da istisna deyil: "Məsələ ondadır ki, istifadəçilərin böyük əksəriyyəti minimal tarifi seçir. Minimal həddin azaldılacağını düşünmürəm. Sürətin ikiqat və ya üçqat artırıla biləcəyini demək çətindir, amma tariflərin azalması mütləq olacaq”.
Azərbaycan və digər ölkələrdəki internet tarifləri ilə bağlı "Şərq”ə danışan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, ölkəmizdə internetlə bağlı təklif olunan qiymətə uyğun olan sürət aşağıdır. Ona görə də istifadəçilərin əksəriyyəti müqavilədə həmin qiymətə təklif olunan sürəti əldə edə bilmirlər.
Mərkəz direktorunun sözlərinə görə, ölkəmizdə internetin həm bahalığı, həm də xətləri ilə bağlı problemlər var: "Xarici ölkələrdə təklif olunan tariflər və ona uyğun sürətlə ölkəmizdə təklif olunan tarif və sürət arasında kəskin fərqlər var. Bizdə bu istiqamətlərdə müəyyən problemlər mövcuddur. Azərbaycanda internet bazarının 50 faizindən yuxarısı dövlət nəzarəti altındadır. Yəni, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında provayderlər var, bunlar da dövlət provayderləridir.
Ona görə də ilk olaraq dövlət qurumları bu istiqamətdə hansısa addımlar atmaslar, yəni qiymətlərin azaldılması, keyfiyyətin yaxşılaşdırılması ilə bağlı ciddi tədbirlər görülməsə, digər provayderlər də belə bir addım atmayacaqlar. "Aztelekom”un atdığı addımın təqdirəlayiq olduğunu düşünürəm. Ölkəmizdəki internet bazarı ilə bağlı belə bir istiqamətdə işlərin aparılması düzgün olardı. Eyni zamanda keyfiyyət yaxşılaşdırılmalı və istifadəçilərin sayına uyğun olmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələ ilə əlaqədar monitorinqlər aparmalıdır. Həmçinin qeyd etdiyimiz quruma nəzarət gücləndirilməlidir ki, hansısa sui-istifadə hallarına yol verilməsin”.
Yeganə Bayramova