Abxaziya-Gürcüstan dəmiryolunun bərpası regiona təhlükə vəd edir?

Ekspertlər Rusiyanın planlarına şərh verib



Rusiya və separatçı Abxaziya rejimi arasında strateji əməkdaşlıq haqqında razılaşma imzalandıqdan sonra Abxaziyadan keçən dəmiryolunun açılması məsələsi yenidən aktuallaşıb. Dəmiryolu əlaqəsinin bərpasında maraqlı olduğunu gizlətməyən rəsmi Moskva bildirib ki, Abxaziyanın mövqeyindən asılı olaraq, Rusiya dəmiryol proqramını həyata keçirməyə hazırdır.

Ölkənin xarici işlər nazirinin müavini Qriqori Karasin də deyib ki, Abxaziyadan keçərək Gürcüstana gedən dəmiryolu layihəsi Praqada müzakirə ediləcək. Rəsmi Tiflis isə Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərlə müqavilə imzalamasının qəbuledilməz olduğunu bildirib. Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərlə müqavilə imzalaması onun bu əraziləri addım-addım anneksiya etmək niyyətindən irəli gəlir. Gürcü ekspert Tornike Şaraşenidze də dəmiryolunun açılmasını təhlükəli hal adlandırıb və bəyan edib ki, Abxaziyadan keçən dəmiryolunun açılması Gürcüstanla Azərbaycanın münasibətlərini poza bilər: "Dəmiryolunun açılması Rusiyanın Cənubi Qafqazda rolunu gücləndirəcək və Ermənistanda yerləşən hərbi bazaları ilə əlaqələrini genişləndirməkdə yardımçı olacaq. Bu məsələdə Tiflis heç bir müsbət nəsnə axtarmamalıdır”. Dəmiryolunun bərpasında Ermənistan da olduqca maraqlıdır. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqına üzv olmasından sonra onun bu qurumlarla əlaqələrini tənzimləməsi üçün quru əlaqəsinə ciddi ehtiyac var. Bu baxımdan əksər ekspertlər sözügedən dəmiryolunun açılmasını Azərbaycan üçün təhlükəli hesab edirlər.

Məsələn, politoloq Qabil Hüseynli deyir ki, Rusiya bu yolla Ermənistanda olan ordusuna hərbi yardım göndərməyə çalışır: "Rusiyanın ultimatumuna baxmayaraq hələ ki, Gürcüstan hökumətində dəmiryolunun bərpası ilə bağlı qərar qəbul edilməyib. Bu, baş tutarsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işinə maneə törədəcək. Belə olan halda Gürcüstan-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcək”. Q.Hüseynli əlavə edib ki, dəmiryolunun fəliyyəti bərpa olunarsa, Gürcüstan daxilində vəziyyət gərginləşəcək: "Ukraynada baş verən hadisələr fonunda bu ölkədə də vəziyyət qarışa bilər”.

Amma Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc dəmiryolunu Azərbaycan üçün təhlükə saymır: "Çox güman ki, nə vaxtsa Abxaziya ilə Gürcüstana dəmiryolunun açılması baş tutacaq. Çünki Rusiya bunun üçün ciddi çalışır, həmin layihə Kremlin birbaşa tapşırığı əsasında hazırlanıb. Təbii ki, bu amil Qafqazda milli təhlükəsizlik mühitinə də müəyyən mənada təsir göstərəcək. Lakin Abxaziyaya dəmiryolunun bərpası Ermənistanı necə və hansı vaxta qədər iqtisadi izolyasiyadan çıxaracaq? Əsas məsələ budur. Azərbaycan Gürcüstandan və Türkiyədən keçən "böyük ipək yolu” vasitəsi ilə dünya yükdaşımalarının əsas mərkəzinə qoşulmağı qarşısına məqsəd qoyub ki, bu da olduqca önəmli məsələdir. Bəs Abxaziyaya dəmiryolunun çəkilməsi Rusiyaya və ya Ermənistana nə qazandıracaq? Əlbəttə ki, heç nə. Bu baxımdan məsələyə lokal yanaşmaq düzgün deyil”. Millət vəkilinin sözlərinə görə, dəmiryolu ilə həyata keçirilən yükdaşımaların hansı həcmdə olduğu hamıya bəllidir: "Heç bir vasitə ilə Ermənistanın indiki ağır vəziyyətini düzəltmək mümkün deyil. Ermənistan bölgədə təcavüzkar siyasətini həyata keçirdiyi müddətcə, Rusiya tərəfdən atılan addımlarla özünü xilas edə bilməyəcək. Bunu ermənilərin müxalif elitası da çox gözəl bilir. Hətta ərazilərimizin ələ keçirilməsində böyük rol oynayan Ter-Petrosyan da artıq həqiqəti anlayır və etiraf edir ki, "rədd etdiyimiz şərtlərə görə gün gələcək Azərbaycana yalvaracağıq”. Odur ki, Ermənistanın Azərbaycandan kənar layihələrdə heç bir perspektivi yoxdur”.

İsmayıl