“Açıq danışmaq lazımdır”

Pənah Hüseyn: “Xalq artıq müxalifətə inanmır, biz hələ də bir yerə yığışa bilmirik”




Ötən gün "Azadlıq-2015” seçki blokunun təşkilatçılığı ilə "Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” adlı "dəyirmi masa” keçirilib.
Bir çox məsələlərin müzakirə olunduğu tədbirdə bloka daxil olan partiyalarla yanaşı, digər müxalifyönümlü təşkilatların nümayəndələri də iştirak ediblər. Amma dəvət almalarına rəğmən Müsavat və AXCP tədbirə qatılmayıb.

Tədbirdə müzakirə olunan mühüm məsələlərlə və "Azadlıq-2015” blokunun seçkiyə hazırlığı ilə bağlı "Şərq”ə müsahibə verən Azərbaycan Xalq Partiyasının (AXP) lideri, keçmiş baş nazir Pənah Hüseyn qəzetimizə maraqlı açıqlamalar verib.
- Pənah bəy, "Azadlıq-2015” bloku seçkilərə necə hazırlaşır? AXP-nin də təmsil olunduğu blokun fəaliyyəti partiya rəhbəri kimi sizi qane edirmi?
- Əvvəla onu deyim ki, "Azadlıq-2015” bloku Seçki Məcəlləsinə və qanunvericiliyə uyğun olaraq prosesə start veriləndən sonra rəsmi qaydada təsis olunacaq. Blok yaratmaq 8 partiya rəhbərinin siyasi qərarıdır. Hələlik ilkin hazırlıq prosesi gedir. Məsələn, artıq seçki qərargahı yaradılıb. Hazırda dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Seçkiyə nəzarətin, müşahidənin və seçkinin təşkili ilə bağlı insanların cəlb olunması müəyyənləşdirilir. Yəni əsasən texniki xarakterli işlər görülür. Partiyaların xətti ilə ümumi siyasi hazırlıq aparılır. Yəqin ki, may ayının sonuna qədər ilkin namizədlərin siyahısı hazır olacaq. Əslində bəzi dairələr üzrə namizədlərin adı indi də məlumdur. Lakin yekun siyahıda dəyişiklik ola bilər. Ondan sonra isə yerlərdə namizədlərin şanslarının dəyərləndirilməsi üçün lazım olan işlər və digər hazırlıq tədbirləri görüləcək.

- "Azadlıq-2015” blokunda təmsil olunan 8 partiyanın potensialını necə dəyərləndirirsiniz? Parlament seçkiləri üçün səkkiz qurumun gücü kifayət edirmi?

- Blok olaraq dairələrin ən azı təxminən üçdə ikisində namizədlərin verilməsini planlaşdırırıq. Real olaraq hesab edirəm ki, builki parlament seçkilərində biz heç olmasa, 10 yer əldə edə biləcəyik.

- Bəzi iddialara görə, KXCP istisna olmaqla digər partiyalar seçkiyə ciddi hazırlaşmır. Səbəb isə 7 partiyanın kifayət qədər daxili potensialının olmamasıdır. Bu iddiaya münasibətiniz necədir?

- Vallah, sözün düzü, mən belə bir şey eşitməmişəm. KXCP rəhbərliyinin də belə iddia irəli sürdüyünü görməmişəm. Əlbəttə, partiyaların potensialı fərqli ola bilər. Amma ümumi olaraq deyə bilərəm ki, blokda təmsil olunan siyasi partiyaların 8-nin də parlament seçkisi ilə bağlı görüşləri, fikirləri üst-üstə düşür. Ciddi fərq yoxdur.
- Seçkiyə hazırlıqla bağlı siyasi arenada iki fikir var. Bir qrup hesab edir ki, seçki bitən kimi dərhal növbəti seçkiyə hazırlaşmaq lazımdır. Digər qrup isə seçki ərəfəsinə qədər gözləməyi daha doğru sayır. Bəs sizin fikriniz necədir?
- Mənim fikrimcə, hər iki variant düzdür. Hazırlıq görməklə yanaşı müəyyən hadisələri də izləmək, analiz etmək lazımdır.
- Müəyyən hadisələr deyəndə bölgədə və dünyada baş verən prosesləri nəzərdə tutursuz?
- Yox, mən sadəcə ölkə daxilindəki seçki ilə bağlı prosesləri nəzərdə tuturam. Məsələn, namizədlərin siyahısı seçki ərəfəsində hazırlanır. Amma buna baxmayaraq, ilkin siyahı seçkidən çox qabaq müəyyən olunur. Yaxud da konkret qanunvericiliyin qadağan etdiyi elə məsələlər var ki, onları ancaq rəsmi seçki müddətində həyata keçirmək mümkündür. Yəni fikrimcə, qanunla qadağan olunmuş bir sıra məsələlərlə bağlı ehtiyatlı və səbirli davranmaq lazımdır. Bilirsiz, seçki həm də siyasi bir məsələdir. Söhbət siyasi hakimiyyət orqanlarına olan seçkilərdən gedir. Ona görə də hazırlıq siyasi prosesin bir tərkib hissəsi hesab olunur.
- Seçkiyə təkbaşına qatılmaq qərarı verən partiyalarla bağlı nə deyərdiniz?
- Hər kəsin öz mövqeyi var. Kimsə hesab edir ki, seçki bloku yaratmaq düzgün variant deyil. Amma biz əksini düşündüyümüz üçün "Azadlıq-2015” blokunu yaratmışıq. Zənnimcə, burda ziddiyyət yarada biləcək bir məsələ yoxdur. Hər kəsə uğurlar!
- Azərbaycanda elə bir müxalif partiya varmı ki, parlament seçkilərinə təkbaşına qatılsın və nəzərə çarpacaq dərəcədə uğur əldə etsin?
- Siz jurnalistsiz, yəqin ki, siyasi prosesləri izləyirsiniz. Hər halda özünüz məndən daha yaxşı bilərsiniz ki, ölkədə belə bir partiya var, yoxsa yox.
- Ötən gün keçirilən tədbirdə "parlament seçkiləri ilə bağlı hakimiyyətlə müxalifət konsensusa gəlməlidir” deyə bir fikir söylədiniz. Konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Mən orada parlamentin formalaşdırılması üçün siyasi mexanizmlərdən istifadə olunmaqla ümumi konsensusa gəlməyi nəzərdə tuturdum. Yəni mənim dediyim digər fikirlərdən fərqli olaraq daha geniş məsələdir. Bir keçid dövrü olaraq və bu dövrün siyasi statusunu nəzərə alaraq hesab edirəm ki, parlament çərçivəsində iqtidarla müəyyən konsensusa gələrək bir milli birlik və razılıq formalaşdırmaq mümkündür.
- Bəs, "müxalifətin strategiyası yoxdur” deyəndə nəyi nəzərdə tuturdunuz?
- Sözün doğrusu, mən burda yalnız siyasi müxalifəti yox, bütövlükdə qeyri-iqtidar qüvvələri nəzərdə tuturam. Həmçinin, birbaşa professional siyasi fəaliyyətlə məşğul olmayan qüvvələri əsas alıram. Hansı ki, onlar da cəmiyyətdə müəyyən təsir qüvvəsinə malikdirlər. Amma əlbəttə ki, özək bir tərəfdə iqtidar, digər tərəfdə isə siyasi müxalifətdən ibarətdir. Konkret olaraq ümumi tezisi sizə dedim. Hələlik bu məsələni mətbuata açıqlamağı uyğun görmürəm.
- Təbii ki, bütün partiyaların bir blokda cəm olması mümkün deyil, bəs ümumi müxalif partiyalar arasında bloklaşmadan kənar hansısa əməkdaşlıq mümkündürmü?
- Onsuz da biz bloklaşma deyil, koalisiya istəyirik. Seçki bloku daha sıx əməkdaşlığı nəzərdə tutur. Amma əməkdaşlığın nisbətən yumşaq variantları da var. Məsələn, onlardan biri də vurğuladığım müxalif koalisiyadır. Bu halda namizədlərin ayrı-ayrı sahələrdə müəyyənləşdirilməsi, seçkilərin müşahidəsi və s. məsələlərdə problem yaşanmır.
- Əsas müxalifət partiyalarını da hesaba qatsaq, ümumi birliyin yaranması nə dərəcədə realdır?
- Mən "Azadlıq-2015” seçki blokunun tədbirində iştirak etmək üçün İsa Qəmbəri də, Əli Kərimlini də, Cəmil Həsənlini də, Arif Hacılını da dəvət etmişdim. Ancaq onlar gəlmədilər. Belə bir vəziyyətdə hansı birlikdən söhbət gedə bilər?! Müsavat və AXCP rəhbərliyindən tədbirdə heç kimin iştirak etməməsinə görə böyük təəssüf hissi keçirirəm. Xalq artıq müxalifətə inanmır. Açıq danışmaq lazımdır, biz hələ də bir yerə yığışa bilmirik.
- Aprel ayında növbəti iqtidar-müxalifət dialoqunun baş tutması planlaşdırılır. Mütəmadi bu cür görüşlərin keçirilməsinə münasibətiniz necədir?
- Münasibətim normaldır. Bilirsiz ki, görüş təşəbbüsü iqtidar tərəfindən irəli sürülüb və həyata keçirilib. Sonuncu görüşdə razılığa gəlinib ki, iki aydan bir belə toplantılar keçirilsin. Aprel ayında növbəti görüşün olması gözlənilir. Amma hələlik partiyalara hər hansı rəsmi və ya qeyri-rəsmi təklif gəlməyib. Hələlik iki ay tamam olmayıb, yəqin ki, yaxın günlərdə bilinər. Əslində mən bunu dialoq yox, görüş adlandırıram, çünki bununla bağlı müəyyən mübahisələr var.
- Müsavat Partiyası parçalanmış vəziyyətdədir. Qurumun hazırkı durumu haqqında nə deyərdiniz?
- Müsavat Partiyasında olanlarla bağlı fikir bildirməyim, hər-halda, bir qədər etik olmaz. Hesab edirəm, başqa bir partiyanın daxili məsələlərinə toxunmaq düzgün deyil. Ekspert-siyasətçi olsaydım, bəlkə də fikir bildirərdim. Hər halda arzu edirəm ki, müşahidə olunan problemlər mümkün qədər tez aradan qalxsın. Müsavatçılıq bir partiyadan ibarət deyil. İnanıram və əminəm ki, Müsavat Partiyası öz problemini həll edəcək”.

İsmayıl