Aclıq davam edərsə, gənc fəal həyatını itirə bilər
Sabir Rüstəmxanlı: “Yüz illər boyu bölgənin sahibi olmuş türk milləti öz hüquqlarının qorunması məsələsində müqavimətsizdir. Yetərincə dirəniş göstərə bilmirik”
İranda həbs olunan azərbaycanlı milli fəal Murtaza Muradpur artıq 40 gündən artıqdır ki, aclıq
aksiyasını davam etdirir. Ötən gün daha bir güneyli soydaşımız Siyamak Mirzayi aclığa başlayıb.
Ümumiyyətlə, İranda bir çox azərbaycanlı fəal qanunsuz ittihamlarla illərdir rejimin zindanlarında işgəncələrə məruz qalırlar.
Güneyli hüquq müdafiəçisi Hacı Mahmudinin verdiyi məlumata əsasən, Murtaza Muradpurun
vəziyyəti çox ağırdır. Onun sözlərinə görə, aclıq davam edərsə, gənc fəal həyatını itirə bilər.
Məlumat üçün bildirək ki, Murtaza Muradpur iki əsassız ittihamla bağlı rejim məhkəmələri
tərəfindən 3 il həbs cəzasına məhkum edilib. Ancaq yeni Cəza Məcəlləsinin 134- cü maddəsinə
əsasən, onun üç illik cəzası iki ilə endirilməlidir. Lakin fars məhkəməsi soydaşımızla bağlı güzəştli
qanunu tətbiq etməkdən imtina edib. Muradpurun aclıq aksiyasına başlamasının səbəbi budur. Onu
da bildirək ki, gənc fəalımız İran hakimiyyəti əleyhinə təbliğat aparmaqda və daxili sabitliyi
"pozmaqda” ittiham olunur.
Milli fəalın aclıq aksiyası ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Dünya
Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının rəhbəri Sabir
Rüstəmxanlı deyib ki, tək İranda deyil, İraqda və bir çox başqa ölkələrdə türklərin hüquqları kobud şəkildə pozulur:
"Çox qəribədir ki, yüz illər boyu bölgənin sahibi olmuş türk milləti öz hüquqlarının
qorunması məsələsində müqavimətsizdir. Yetərincə dirəniş göstərə bilmirik. Hesab edirəm ki,
qarşıda uzun mübarizə dövrü var. Bu mübarizə prosesində həbslər, işgəncələr olacaq, cəzalar
artacaq, ümumən hüquqsuzluq baş alıb gedəcək. O baxımdan bütün bir millətə göstərilən
təzyiqlərin, zorakılığın yanında sadəcə bir fəalımızın həbs müddətinin qeyri-qanuni uzadılması çox
xırda görünür. Düzdür, hər kəsin öz taleyi var. Amma ayrı-ayrı fərdlərin həbs olunmamasını,
hüquqlarının tapdanmamasını istəyiriksə, onda bütöv xalqın azadlığı, haqları uğrunda mübarizə
aparmalıyıq. Əsk halda, bu kimi hadisələrlə çox üzləşəcəyik”.
İsmayıl